ABŞ-ın bu mövqeyi Bakının əlini gücləndirir

ABŞ-ın bu mövqeyi Bakının əlini gücləndirir

ABŞ Dövlət Departamentinin belə bir açıqlama verməsi müsbət haldır. Həqiqətin siyasi maraqlara qurban verilərək təhrif edilməməsi xüsusi önəm daşıyan məqamdır. Çünki biz lokal antiterror tədbirlərindən sonra Fransa başda olmaqla, bir sıra dövlətlərin, ayrı-ayrı siyasətçilərin ermənilərin Qarabağı könüllü şəkildə tərk etməsini qəsdən və məqsədli şəkildə “etnik təmizləmə”, “deportasiya” və “soyqırım” adlandırdığını gördük.

Bu sözləri AzerTimes-a ABŞ Dövlət Departamentinin sözcüsü Metyu Millerin Qarabağdan ermənilərin çıxmasını “etnik təmizləmə” adlandırmaqdan imtina etməsi haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi dövlətimizin ABŞ-ın bu mövqeyindən faydalanacağını istisna etməyib:

“Azərbaycan qətiyyən köçə məcburetmə tədbirlərinə əl atmadı, hətta onlara elektron poçt və s. vasitələrlə Qarabağda qalmaları təklif olundu, bütün ehtiyacları qarşılandı. Üstəlik onlar lokal antiterror tədbirləri görülən zaman deyil, 20 sentyabrdan sonra Qarabağdan getməyə başladı. Yəni ermənilər silah gücünə nəyəsə məcbur edilmədi. ABŞ Dövlət Departamentinin sözügedən məsələdə digərlərinə nisbətən daha neytral davranır. Dünən Fransa xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfərə gəldi və ölkəmiz əleyhinə kəskin bəyanatlar səsləndirdi. Kollonnanın sərgilədiyi mövqe eyni zamanda Paris və Vaşinqton arasında olan fikir ayrılıqlarının olduğunu üzə çıxarır. Ona görə də Azərbaycan dövləti ABŞ-ın mövqeyindən Fransa və onun AB-də başçılıq etdiyi qrupun neytrallaşdırılması üçün istifadə etməlidir. Ümumiyyətlə isə BMT TŞ-də avqust-sentabr aylarında baş tutan Qarabağla bağlı iki iclasın nəticəsi, eyni zamanda adı çəkilən təşkilatın Xankəndiyə göndərdiyi missiyanın hazırladığı hesabat dövlətimizin beynəlxalq mövqeyini daha da gücləndirib. Fransa isə Ermənistana verdiyi dəstəklə vəziyyəti gərginləşdirmək və bununla bölgəyə yenidən girmək istəyir. Ancaq Azərbaycana qarşı düşmənçilik mövqeyində olanların Cənubi Qafqazda uğur qazanması mümkün deyil”.

Teqlər: