ABŞ-ın Bakı ilə İrəvan arasında sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.
“ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir. Onlar Azərbaycana qarşı birtərəfli mövqe tutaraq “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qəbul etdilər. Bu, ABŞ hökumətinin Azərbaycana yardımına qadağa qoyulması deməkdir. Azərbaycanın isə heç bir köməyə ehtiyacı yoxdur. Biz yardım alan ölkə deyilik.
Amma fakt budur ki, 907-ci düzəliş hələ 1992-ci ildə, Azərbaycan əraziləri işğal olunanda ABŞ Konqresi tərəfindən qəbul edilib. Təsəvvür edin ki, siz işğal altındasınız və Konqres ABŞ hökumətinin Azərbaycana dəstək verməsini qadağan edən qətnamə qəbul edir. Yenə də onların seçimidir. Amma problem ondadır ki, siz birtərəfli addım atsanız, danışıqlar prosesində tam qərəzsiz tərəf ola bilməzsiniz”, -H.Hacıyev bildirib.
Prezident köməkçisinin sözlərinə görə, Azərbaycan dəstək təkliflərini yüksək qiymətləndirir, lakin bu vəziyyətdə hər hansı vasitəçiliyə ehtiyac olduğuna inanmır.