Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə, Qara Dəniz Əməkdaşlıq Təşkilatının (Black Sea Trust GMF) təşkilati dəstəyi ilə reallaşan “Hər kəs üçün bərabər təhsil hüquqları” layihəsi çərçivəsində keçirilən mərasimdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Təhsil Nazirliyinin (TN) Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, “Birgə və Sağlam” İctimai Birliyinin (BS İB) sədri Aytən Eynalova, USAID Missiya Direktoru Jay Singh, USAID Layihə meneceri Emin Məmmədli, Black Sea Trust GMF Azərbaycan nümayəndəsi Mehriban Rəhimli, universitetin rəhbər işçiləri, BS İB nümayəndələri iştirak edib.
Mərasimdə açılış nitqi ilə çıxış edən prof. C.Cəfərov qonaqları salamlayaraq bu əhəmiyyətli tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirib. Rektor deyib: “…100 illiyini qeyd edən ADPU ölkədə xüsusi təhsil sahəsində kadr hazırlığının bazasıdır. ADPU xüsusi və inklüziv təhsilin inkişafı istiqamətində bir çox beynəlxalq layihələrə imza atıb. Bunlara misal olaraq ADPU-da ölkədə inklüziv təhsilə aid ilk pilot layihənin keçirilməsi (2011-2012-ci illər), Regional İnkişaf İctimai Birliyinin keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi, “İşarə lüğəti”nin hazırlanması, UNICEF Azərbaycanın “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi” layihəsi, TN ilə birgə “”Korreksiyaedici təlimçi” ixtisası üzrə peşə standartı və tədris materialları hazırlanmasını göstərmək olar. Ümumən ADPU sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiya və sosiallaşmalarında fəal iştirak edir. ADPU ölkədə pedaqoji kadr hazırlayan universitet kimi xüsusi təhsili diqqətdə saxlayaraq bu sahədə müasir trendləri izləyir. Bu mənada cənab səfirin bugünkü tədbirdə iştirakı qanunauyğundur. ADPU ABŞ-ın Bakıdakı səfirliyinin dəstəyi ilə də bir çox layihələrə imza atıb. Bir il öncə ADPU Corc Vaşinqton Universiteti ilə beynəlxalq ikili diplom proqramı üzrə müqavilə imzalayıb.”
Çıxış edən BS İB sədri A.Eynalova ictimai birliyin ölkədə autizmli uşaqların reabilitasiyası sahəsində ən öncül mərkəz olduğunu vurğulayaraq İB-nin yaratdığı “KAŞALATA kafe”nin belə uşaqların özünü reallaşdırması üçün ölkəmizdə ilk və yeganə nümunə olduğunu bildirib. Bu baxımdan beynəlxalq və akademik əməkdaşlığa önəm verən birlik bu günə qədər ABŞ-ın, Türkiyənin müvafiq mərkəzləri ilə bir çox layihələr icra edib və birliyin fəaliyyəti Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək qiymətləndirilir. ADPU ilə xüsusi təhsilin mərkəzi kimi imzalanan bu memorandum olduqca müsbət irəliləyişdir. Layihə çərçivəsində ADPU-nun Davamlı təhsil və innovasiyalar şöbəsi ilə birgə bu sahədə 40 yerli yüksək səviyyəli mütəxəssisin hazırlanması, xarici təlim proqramının lokallaşdırılması və onlayn portalın inkişafı nəzərdə tutulur.
Daha sonra tərəflər arasında imzalanma mərasimi keçirilib. Mərasimdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri L. Litzenberqer bu hadisənin bir çox tərəfdən olduqca unikal olduğunu bildirərək autizmli şəxslərin reabilitasiyasının dünyamızın ortaq hədəfi olmalı olduğunu bildirib. Səfir qeyd edib ki, əgər bu şəxslərə imkan yaradılarsa, onlar içərisindən dahilər yetişə bilər. O deyib: “… Görüşlərimi son vaxtlar onlayn keçirsəm də, məhz belə bir tədbirdə canlı iştirak etməyi qət etdim. A. Eynşteyn, B. Fişer kimi dahilər də məhz belə şəxslər idi.” Səfir qeyd edib ki, ABŞ bu sahədə daim vətəndaş cəmiyyəti institutlarına dəstək verməyə hazırdır.
TN-nin şöbə müdiri T.Əhmədov qeyd edib ki, pandemiya şəraitində əməkdaşlığın nə qədər önəmli olduğunu bir daha anlayırıq. Ali təhsil müəssisələrimizin bu baxımdan çevik reaksiyaları bizi sevindirir. Bu əməkdaşlıq, həmçinin Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı ADPU-nun bu səhədəki uğurlarını əks etdirir. Bu əməkdaşlığın xüsusi təhsil sahəsində müsbət nəticələr verəcəyinə inanırıq.
Sonda BS İB tərəfindən prof. C.Cəfərov, səfir L.Litzenberqer və T.Əhmədova autizmli uşaqların çəkdiyi rəsm əsərləri hədiyyə olunub.