ABŞ-ın 10 ştatının iri şəhərlərində Xocalı soyqırımının 30
illiyi ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
AzerTimes xəbər verir ki,
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Yuta-Azərbaycan
Dostluq Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə aksiyalar
Vaşinqton, Nyu-York, Mayami, Boston, Filadelfiya, Atlanta, Çikaqo,
San Fransisko, Hyuston və Denver şəhərlərində baş tutub.
Aksiyalar zamanı Xocalı soyqırımı həqiqətlərinin əks olunduğu
LED ekranlı avtomobillərin mərkəzi küçələrdə hərəkəti təmin olunub.
LED ekranda “Bizim xalqın qanlı yaddaşı”, “Xocalıya ədalət!”,
“Xocalı soyqırımını unutma!”, “Xocalı müharibə cinayətidir,
insanlığa qarşı cinayətdir, soyqırımıdır!”, “Qarabağ
Azərbaycandır!” şüarları, 26.02.1992 tarixi, faciənin ildönümünü
göstərən 30 rəqəmi, Xocalı soyqırımı qurbanlarının sayı, “Ana
harayı” abidəsinin və Xocalı soyqırımının dəhşətlərini əks etdirən
təsvirlər yerləşdirilib.
“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində
həyata keçirilən aksiyanın məqsədi amerikalıların diqqətini erməni
cəlladlarının Azərbaycan xalqının başına gətirdiyi dəhşətli
soyqırıma cəlb etmək olub.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40
ölkəsində 150-yə yaxın tədbir keçirilib.