ABŞ-da hökm sürən “Beril” qasırğası nəticəsində 8 nəfər həyatını itirib.
AzerTimes-ın Azərtac-a istinadən məlumatına görə, ölənlərdən 7-si Texas, biri isə Luiziana ştatının sakinlərdir. Qasırğaya görə 2,3 milyon insan hələ də elektrik enerjisiz qalıb.
“Beril” qasırğası yerli vaxtla iyunun 7-si səhər saatlarında ABŞ-nin quru ərazisinə daxil olub və ölkənin 1500 km daxilində təhlükəli hava şəraiti formalaşdırıb. Hava kütlələri şimali-şərq bölgələrinə doğru irəliləyir və tufan riski yaradır.
Qeyd edək ki, “Beril” qasırğası iyunun 29-da Atlantik okeanında formalaşıb və Saffir-Simson Qasırğa Şkalasına əsasən 4-cü kateqoriyaya kimi yüksəlib. Karib dənizindəki ada dövlətlərində, Venesuelada hökm sürən qasırğa azı 11 nəfərin həyatına son qoyub. Hazırda qasırğanın sürəti 1-ci kateqoriyaya kimi azalıb. Bu, qasırğa üçün ən aşağı kateqoriya sayılsa da, tropikal fırtınadan güclü hesab olunur. “Beril” regionda ən erkən başlayan qasırğa kimi qeydə alınıb.