ABŞ Müdafiə Nazirliyi Amerika hərbi qulluqçularının arasında intiharlarının sayının artımını qeydə alıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Pentaqonun illik məruzəsində deyilib.
Bildirilir ki, 2020-ci ildə 580 hərbçi intihar edib.
Məlumata əsasən, ötən il hərbi hissələrdə 384 hərbçi, o cümlədən quru qoşunlarında – 175, Hərbi Hava Qüvvələrində – 81, Hərbi Dəniz Qüvvələrində – 66 və Piyada Dəniz Qoşunu Korpusunda 62 nəfər özünə qəsd edib. Eyni zamanda Milli qvardiyanın və ehtiyatda olan döyüşçülər arasında 196 intihar qeydə alınıb.
Hesabatda deyilir: “Etiraf edirik ki, göstəricilər istənilən istiqamətdə dəyişmir və ordunun bütün bölmələrində intiharların sayını azaltmaq üçün çalışmaq niyyətimizi bir daha təsdiqləyirik”.
Daha əvvəlki illərə aid statistikada 2018-ci ildə Amerikanın 541, 2019-cu ildə 498 hərbi qulluqçusunun intihar etdikləri göstərilir. İntihara sövq edən əsas amillər kimi həyatda gerçəkləşməyən ümidlər, uğursuz evlilik, maddi çətinliklər və stres kimi şəxsi problemlər göstərilir.