ABŞ xüsusilə Ukrayna müharibəsi başlayandan və Rusiyanın ciddi şəkildə problemlə üzləşdiyi üzə çıxandan sonra Cənubi Qafqaz məsələsində daha da aktivləşdi. Bu aktivləşmə 2023-cü ilin əvvəlindən daha qabarıq şəkildə özünü göstərdi və Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sülh danışıqları bu ölkədə baş tutdu.
İlk dəfə idi ki, sülh danışıqları müdaxiləsiz, günlərlə davam edirdi. Əhəmiyyətli irəliləyiş olmamasına baxmayaraq, nazirlərin görüşündə sülhə yaxınlaşma vardı və müəyyən məsələlərdə razılaşma da əldə edildi. Daha sonra tərəflərin sülh təkliflərini bir-birini açıq kanallarla göndərməsi “presedenti” başladı ki, bu da müəyyən ümidlər yaradırdı.
ABŞ-ın məqsədi aydın idi: Azərbaycan və Ermənistan arasında sülh sazişində vasitəçilik missiyasını üzərinə götürməklə, Rusiyanın danışıqlarda dominantlığını aradan qaldırmaq, bölgəyə təsirini gücləndirmək və s.
Ermənistanın danışıqlarda özünü məğlub tərəf saymaması üzərində qurulan təmasların da hədəfi ilk vaxtlarda “perspektiv qisas” amilini ortadan qaldırmağa hesablanmışdı. Ancaq qısa müddətdən sonra bəlli oldu ki, rəsmi İrəvan indiyə qədər əldə edilən nəticələr üzərindən manipulyasiya edərək, tamam fərqli təminatlar tələb edir və əlbəttə ki, bunun üçün Qarabağdakı ermənilər üzərində ciddi oyuna start verildi. Əvvəlcə “humanitar böhran” şousu yaradıldı, Fransanın birbaşa və açıq dəstəyi ilə inkişaf etdirildi, Fransadan gələn TIR-lar sərhədimizə dirəndi, ardınca isə “Laçın yolunun açılması” üzərindən təzyiqlərə başlanıldı.
ABŞ Dövlət katibi Entoni Blinken də daxil olmaqla, Cənubi Qafqaza müdaxiləyə cəhd göstərən Qərb güclərinə Azərbaycanın mövqeyi gün kimi aydın idi: Ağdam-Xankəndi yolunun açılmasından dərhal sonra Laçın yolunun da Azərbaycanın ərazi bütövlüyü şərti daxilində açılacağı bildirilmiş və razılaşma əldə edilmişdi. Proses 1 sentyabrdan başlanacaqdı. Ancaq Ağdam yolunun açılması günlərlə gecikdirildi, daha sonra isə yalnız Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi bircə ədəd TIR buraxıldı, ardınca yol yenidən separatçılar tərəfindən qapadıldı.
Xankəndi və ətrafında yaşayan ermənilərin “humanitar böhran” adı ilə siyasi şou yaratdıqları artıq kimsəyə sirr deyil: hər kəsə aydındır ki, aclıqdan əziyyət çəkən icma, toplum ölkənin təqdim etdiyi humanitar yardımı qəbul etməli idi. Ancaq Qarabağdakı erməni separatçıları qəti şəkildə Bakıdan göndərilən yardımdan imtina edirlər.
Bu Azərbaycanın ərazi bütövlüyünə qəsdə çevrilmiş “siyasi müqavimət forması”ndan ABŞ siyasətçiləri də xəbərdardır. Buna baxmayaraq, özlərinin də təklifləri ilə razılaşdırılan Ağdam və Laçın yollarının eyni vaxtda açılması prosesindən imtina etməyə başlayıblar.
ABŞ artıq iki gündür indiyə qədər əldə edilən nəticələrin üstündən xətt çəkirmiş kimi, Laçın yolunun (həm də dəhliz deyirlər) qeyd-şərtsiz açılmasıdan, “Qarabağ xalqına qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik” tipində hədələyici ritorikadan istifadə edir.
ABŞ (Qərb) birdən-birə niyə bütün “prinsipləri” ayaqları altına aldı?
Nə qədər qəribə olsa da, ABŞ bunu açıq şəkildə dilə gətirməkdən belə çəkinmədi – elə bu sözlərin müəllifi olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinin icraçısı Yuri Kim tərəfindən.
14 sentyabrda Senatın Xarici Əlaqələr Komitəsində “Qarabağdakı vəziyyətlə bağlı” dinləmələr keçirildi və bu dinləmələr zamanı senator Pat Rikettsin sualları məhz “dəqiqləşmələr” üçün verilirdi.
Suallardan nə aydın olurdu?
Birincisi, senatorun suallarından təxminən bunu müəyyən etmək olardı: ABŞ-ın bu qədər qayğısının olduğu bir vaxtda Azərbaycan daxilindəki hansısa bir erməni icmasının “problemi” niyə Senatın müzakirəsinə çıxıb?
İkincisi, bu dinləmələrin məhz Ermənistana qeyd-şərtsiz dəstək niyyətilə keçirildiyi şübhəsiz idi. Buna görə də Riketts dəqiqləşmə tələb edirdi: “Bu ayın əvvəlində Ermənistanın baş naziri bildirib ki, Rusiyaya olan ümidlər tam olaraq özünü doğrultmur. Məsələ ondadır ki, Rusiyanın öz ordusunu silahlandırmaq problemi var. Ermənistanın baş nazirinin sözlərinə görə, təhlükəsizlik məsələlərində bir tərəfdaşa güvənmək strateji səhvdir. Bundan sonra Ermənistan ilk dəfə olaraq Ukraynaya humanitar yardım göndərdi. Bu həftə Ermənistanda erməni-amerikan hərbi təlimləri başlayıb. Bu, Kreml üçün açıq-aşkar və həyəcanverici dəyişiklikdir. Ermənistanın son hərəkətləri Rusiyadan daimi dönüşüdürmü? Yoxsa Moskvanı Dağlıq Qarabağa daha çox qarışmağa sövq etməyə çalışır?”
Senatorun bu şübhəsinin səbəbi vardı: Ermənistan baş naziri Nikol Paşinyan Avropa mediasına bu ayın əvvəlindən ard-arda verdiyi iki müsahibədə Rusiyaya qarşı kəskin fikirlərlə çıxış etdi, ardınca Ukraynaya ilk dəfə humanitar yardım göndərdi, bu da amış kimi, arvadı Anna Akopyan Kiyevə səfər etdi. Anna Akopyanın Kiyevdə bir müddət “tam itdiyi” haqda da məlumat yayıldı: onu xüsusi xidmətin maşını naməlum istiqamətə, naməlum görüşə aparmışdı və heç vaxt heç yerdə elan edilməyən görüş baş tutmuşdu. Kiyevdə Akopyanla kim görüşmüş və ondan Paşinyanın hansı vədini almışdılar?
Bütün bunlar Senatın müzakirəsində üzə çıxırdı.
Sematorun sualına Kim bu cür cavab verdi: “Qoşunlarımız ilk dəfə ikitərəfli təlimlər keçirmək üçün Ermənistandadır və biz bu vəziyyətdən istifadə etməyə davam edəcəyik”.
Senator təkrar sual verir: “Ermənistan Rusiyanı Dağlıq Qarabağda fəallaşmağa sövq etmək istəyir, yoxsa doğrudan da Rusiyadan qopmaq istəyir?”
“Bu barədə danışmaq hələ tezdir. Amma bu o demək deyil ki, biz vəziyyəti istədiyimiz nöqtəyə çatdırmağa çalışmamalıyıq. Və bu baxış bizim tərəfdaşımız olmaq üçün real qərardır. Ancaq buna nail olmaq üçün biz orada olmalıyıq. Ona görə də bizim Ermənistana dəstəyimiz və Ermənistanla tərəfdaşlığımız vacibdir”, – Yuri Kimin cavabıdır.
Bu o deməkdir ki, ABŞ Ermənistana tam dəstək verməyi öhdəsinə götürür. Nəyin müqabilində?
Yuri Kimin bu müzakirələrdən dərhal sonra Azərbaycana qarşı ittihamedici açıqlaması və əvvəlki razılaşma və mövqedən üz çevirərək, birbaşa Ermənistanın işğalçı mövqeyindən çıxış etməsi bir daha təsdiqləyir ki, ABŞ tam ayrı ssenarini həyata keçirməyə çalışır.
Məsələn, əvvəl Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü çərçivəsində sülh sazişinin imzalanması ilə Rusiyanın bölgədə təsir imkanlarını azaltmağı hədəfləyirdisə, hazırda tamamilə fərqli ssenariyə üstünlük verir: Yəni “Ukrayna ssenarisi”.
ABŞ üçün heç bir dəyər, prinsip, beynəlxalq norma yoxdur və bunun belə olduğu artıq uzun illərdir hər kəsə bəllidir. Məqsəd bütün vasitələrdən sui-istifadə edərək, Rusiyaya ağır zərbə vurmaq və onu bölgədən ən qısa müddətdə, həm də “qanlı şəkildə” çıxarmaqdır. Çünki “qanlı çıxış” Rusiyaya daha çox zərər verir və onu qısa müddətdə düşmənə çevirir.
Beynəlxalq prizmadan yanaşdıqda, ABŞ Senatının Azərbaycanın ərazisi daxilində olan hansısa bir bölgəni müzakirəyə çıxarmaq hüquqi sual altındadır. Ancaq ABŞ Dövlət Departamenti bu addımı atdı, Azərbaycanın ərazi bütövlüyünə qarşı getdi. Məqsəd isə Ermənistana tam dəstəklə Rusiyaya qarşı ikinci cəbhə açmaq, bölgədə toqquşma yaratmaq və Rusiya qüvvələrinin əraziyə cəlbinə nail olmaqdır.
Ermənistanda ABŞ-ın 85 hərbçisi var, 20 sentyabra qədər orada qalacaq və ümumiyyətlə ondan sonra gedib-getməyəcəyi bəlli və heç önəmli də deyil. ABŞ-ın mümkün toqquşma ehtimalı zamanı Ermənistana hansısa hərbi yardım göstərə biləcəyi ehtimalı da yoxdur – ən azı, NATO müttəfiqi Türkiyə bu məqamda iradəsini ortaya qoyacağı şübhəsizdir.
Buna baxmayaraq, ABŞ Ermənistanın işğal siyasətinə və revanş iddialarına dəstək verməklə, faktiki olaraq Cənubi Qafqazı müharibəyə sürükləyir. Bu mümkün müharibədə Ermənistanın darmadağın olacağının ABŞ üçün heç bir fərqi yoxdur – bunu Ukraynanın timsalında görürük. Ukrayna da eyni ssenari ilə Qərbə cəlb edildi, nəticədə Rusiyanın aqressiyası ilə üzləşdi və hazırda bütövlükdə Ukrayna faktiki olaraq poliqona çevrilib: ölkə əhalisinin yarıdan çoxu qaçqındır, yüzminlərlə insan məhv olub, kəndlər, şəhərlər yer üzündən silinib…
ABŞ Ukraynaya hərbi-siyasi və iqtisadi dəstəyini artırdıqca Ukrayna xarabazara çevrilir.
Eyni proses Ermənistana da aiddir: Ermənistanın işğal siyasətinə dəstək verilir, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Donbasda 4 milyon rusun hüquqlarını dilinə almağı belə lazım bilməyən ABŞ qəfildən Qarabağın bir hissəsində məskunlaşan 30 min erməninin dərdini çəkən olur, hətta buna görə Bakıya meydan oxuyur, hətta “NATO üzvlüyü” kimi mümkün perspektiv də İrəvana vəd edilir, nəticədə onun Rusiyadan “kəskin dönüşünə” ümid edilir. Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdin Ermənistana nələrə başa gələcəyi isə Yuri Kimlərin eyninə deyil – əsas hədəf Rusiyadan “kəskin imtinadır”.
Senatdakı müzakirə sübut etdi ki, ABŞ beynəlxalq hüquqa tüpürməyi bacaran, dünyanın çeşidli yerlərində tökdüyü qanların nəticəsindən dərs çıxarmayan həyasız oyunçudur.
Ciddi səhvdir: Beynəlxalq hüquqa qarşı çıxıb, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaqla ABŞ Cənubi Qafqazı mütləq itirəcək.
– ona görə ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir;
– ona görə ki, Azərbaycanın ərazi bütövlüyü Şuşa Bəyannaməsi ilə Türkiyənin zəmanəti altındadır;
– ona görə ki, Azərbaycan bölgədə mövcud olan supergüclərə ədalətli mövqeyi, beynəlxalq prinsiplərə uyğun addımları ilə iradə nümayiş etdirir və s.