ABŞ Ermənistanın hüquq-mühafizə sistemini tədricən nəzarətə götürür, istintaq və hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verir və onlardan lazımi əməliyyat və kəşfiyyat məlumatlarını alır.
AzerTimes xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin Ərazi İstintaq İdarələrinin Fəaliyyətinə Nəzarət Baş İdarəsinin keçmiş sədri, ədliyyə general-mayoru Tatul Petrosyan deyib.
“Vaxtilə Rusiyanın, Avropa ölkələrinin, ABŞ-ın hüquq-mühafizə orqanları ilə təcrübə mübadiləsi prinsipi əsasında görüşlərimiz olub, qarşılıqlı səfərlər, işgüzar səfərlər olub. Amma indi gördüyümüz o subardinasiya, o “mentorluq” əvvəllər yox idi. Biz heç vaxt partnyorlarımızın bizimlə tələbə kimi davranmasına icazə vermədik”, – o bildirib.
Petrosyan bu gün Ermənistanda baş verən prosesləri sistemlərin alqı-satqısı prosesi kimi xarakterizə edib:
“Əminəm ki, bütün məlumatlar, bütün kəşfiyyat şəbəkəsi, hətta daxili polis kəşfiyyat şəbəkəsi də ABŞ-a veriləcək. Bütün bunlar dövlət səviyyəsində baş verir. Bunun müqabilində ABŞ İrəvanın atdığı bütün addımları, hətta amerikalıların elan etdiyi demokratiya və insan haqları normalarına zidd olsa belə, rəsmən həvəsləndirir və dəstəkləyir. Nümunə kimi bu il iyunun 12-də polisin etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməsini və ABŞ səfirliyinin hakimiyyətə loyal münasibətini xatırlatmaq olar”.