ABŞ Nümayəndələr Palatasının ötən gün Türkiyə əleyhinə qəbul etdiyi qərarla bağlı təfərrüatlar açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.
Belə ki, ABŞ Nümayəndələr Palatasının 2023-cü maliyyə ili üçün Milli Müdafiə Aktına Dəyişikliklərə (NDAA – HR 7900) aşağıdakılar daxildir:
1) Azərbaycanın “hərbi cinayətləri”nin araşdırılmasını tələb etmək:
2) “Erməni hərbi əsirlər”in (müharibə bitəndən iki həftə sonra Azərbaycan ərazisinə gizli yolla keçərək, 1-i mülki şəxs olmaqla, 3 nəfəri qətlə yetirən və ərazilərimizə mina basdıran diversant-terrorçu dəstələri nəzərdə tutulur – red.) dərhal azad edilməsinə çağırış;
3) ABŞ-ın Azərbaycana hərbi yardımının Ermənistanda/Azərbaycanda sülhə təsiri ilə bağlı hesabat hazırlamağa çağırış;
4) ABŞ-ın F-16 döyüş təyyarələri və F-16 təkmilləşdirmə dəstlərinin Türkiyəyə satışına məhdudiyyət.
Erməni təşkilatı bu düzəlişləri “qələbə” adlandırıb.
“ANCA Konqres liderlərinə, koalisiya tərəfdaşlarına və bugünkü qələbəni mümkün edən ABŞ-dan on minlərlə ANCA fəalına təşəkkür edir. Birgə işləyərək, biz “artsax”ın müdafiəsinə, Ermənistanın irəliləməsinə, Azərbaycanı məsuliyyətə cəlb etməyə və Amerika silahlarının Türkiyəyə axınını dayandırmağa kömək edirik”, – ANCA sədri Raffi Hambaryan deyib.