ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Şimali Koreyadan Rusiyaya silah ötürülməsinə yardım edən Rusiyanın iki vətəndaşı və üç şirkətinə sanksiya tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Vaşinqtonun sanksiyalarına Rafael Qazaryan və ona bağlı “Trans Kapital” və “Rafort” şirkətləri, eləcə də Aleksey Budnyov və ona məxsus “Texnalogiya” şirkəti məruz qalıb.
Maliyyə Nazirliyi bildirib ki, Qazaryan Rusiya rəsmiləri ilə Slovakiya vətəndaşı Aşot Mkrtıçev arasında vasitəçi kimi çıxış edib, o, Moskvaya silah alınması üçün Pxenyanla danışıqlar aparıb. Qazaryan əməliyyatları həyata keçirmək üçün “Trans Kapital” MMC-dən istifadə edib.
Məlumata görə, Mkrtıçev hələ 2023-cü ilin martından ABŞ-ın sanksiyalarına məruz qalıb.
Budnyov da Rusiya ordusunun ehtiyacları üçün Şimali Koreyada istehsal olunduğu güman edilən hərbi rabitə vasitələrini Rusiyaya tədarükdə ittiham olunur.