ABŞ dəyərlərini ayaq altına aldı: Tiflisi hədələmək…

ABŞ dəyərlərini ayaq altına aldı: Tiflisi hədələmək…

Bu gün ABŞ-ın aldığı bəzi qərarlar demokratik prinsipləri tapdalamaqla yanaşı, azad bazar, mülkiyyət toxunulmazlığı kimi, ABŞ-ı güclü, Qərbi cəlbedici edən prinsiplərə ziddir.

AzerTimes xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

“ABŞ elan edib ki, Gürcüstana qarşı sanksiyalar qoyacaq, səbəb kimi də Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsirlər haqqında” qanun göstərilir. Xatırladım ki, ABŞ 2020-ci payızında Gürcüstanda keçirilən parlament seçkilərini alqışlamışdı, seçkinin demokratik olduğunu bəyan etmişdi, Gürcüstan xalqını və hökumətini demokratik seçkilər münasibətilə təbrik etmişdi. Yaxşı, indi demokratik seçkilərlə formalaşan parlament lap elə pis bir qanun qəbul edir, Gürcüstan parlamentinin 40%-ə yaxını müxalifətdir, deməli, əhalinin də 40%-ə yaxını (kobud hesablama olsa da) hökumətə qarşıdır. Hökumətə qarşı olanlar qanuna etiraz edərək onminlərlə etiraza çıxır – əla, bu da demokratik haqqdır, dinc aksiyaların olması Gürcüstanın demokratik ölkə olmasına işarədir. Qanunu (qanunun özü zay ola bilər) demokratik seçkilərlə formalaşan və ABŞ tərəfindən legitimliyi tanınan parlament qəbul edir – istənilən demokratik ölkədə hakim partiyanın təklif etdiyi qanunlara müxalif partiyalar və tərəfdaşları çox zaman etiraz edirlər, əleyhinə səs verirlər, amma demokratiyanın qızıl qanununa görə, çoxluğun qərarını qəbul edib, növbəti seçkilərdə qalib gələrək bəyənmədikləri qanunları dəyişməyə çalışırlar. Demokratiya bunu tələb edir!

Bəs ABŞ Gürcüstana nə deyir?! Deyir ki, demokratik seçilmiş parlamentin qəbul etdiyi qanuna görə ölkəyə sanksiya qoyuram. Belə də iş olar?! Axı bu demokratiyanın özünə, dəyərlərinə, prinsiplərinə zərbədir, demokratiyanı gözdən salaraq məhz avtoritar liderləri və ölkələri gücləndirir, bunu anlamırlarmı?!” – o bildirib.

Natiq Cəfərli xatırladıb ki, Gürcüstanda növbəti parlament seçkilərinə 5 ay qalıb:

“ABŞ demokratiyanı müdafiə edərək deməli idi ki, bu, Gürcüstan Respublikasının daxili işidir, əgər xalq bu qanundan, bu hökumətdən narazıdırsa, növbəti seçkilərdə öz səsi ilə onları cəzalandıra, yeni parlamentdə müxalifət üstünlük qazansa, o qanunu ləğv edə bilər. Qanun Quran ayəsi deyil ki, toxunulmasın!

ABŞ 20-ci əsrdə dünyada demokratiyanın mayakı idi (2000-ci ilə qədər), bu ona görə baş verib ki, demokratik dəyərləri, prinsipləri müdafiə edib. İndi atdığı addımlar isə avtoritar sistemlər üçün demokratiyanı urvatsız etməyə əsaslar yaradır. Olmaz belə, bu insanlıq tarixi, bəşəriyyətin inkişafı üçün təhlükədir.

ABŞ öz təməl ayarlarına geri dönməlidir ki, dünyanın istiqaməti dəyərlərə, prinsiplərə uyğun olsun”.

Teqlər: