ABŞ konqresmeni Henri Kuelyar ətrafında başlayan araşdırma və onun guya Azərbaycan neft-qaz şirkətindən (SOCAR) 2014-2021-ci illərdə 600 min dollara yaxın rüşvət alması ilə bağlı ittiham Vaşinqtonun Bakıya təzyiq siyasətinin davamı kimi xarakterizə edilməlidir.
Bu sözləri AzerTimes-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.
Onun sözlərinə görə, Kuelyar ətrafında proseslərə kompleks yanaşanda bunu müşahidə etmək mümkündür:
“ABŞ-ın Azərbaycandakı səfiri Şuşaya səfər etməməsinə bəhanə gətirir, ancaq bütün hallarda diplomata yaraşmayan tərzdə “şoularda iştirak etməmək üçün getmədiyini” ifadə edir. Hansı şoudan söhbət gedə bilər? Şuşaya səfər, Şuşada keçirilən beynəlxalq tədbirlər və s. şoudurmu? Və yaxud, səfir Mark Libbi “qaytarılmış ərazilərin bir qədər fərqli olduğunu” deyir. Bu məntiqi, daha doğrusu, məntiqsizliyi izah etmək mümkündürmü? Səfirin “qaytarılmış fərqli ərazi” dediyi torpaqlar Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazisidir, 30 il işğal altında qalıb və təəssüf ki, başda elə ABŞ da olmaqla, o torpaqların işğal olunduğundan bu müddətdə Qərb ölkələri bir dəfə də açıq şəkildə danışmayıblar. Ancaq torpaqlar işğaldan azad ediləndən sonra “qaytarılan torpaqların fərqindən” danışmaq həyasızlığına gedirlər. Bu, bir daha təsdiqləyir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü üzdə tanısa da, Qarabağın işğaldan azad edilməsini qəbul edə bilmir. Diqqət edin: Ukraynanın ərazi bütövlüyünü tanıyan, buna görə bu ölkəyə hərbi-siyasi-iqtisadi yardım göstərən və Rusiyaya 20 min sanksiya tətbiq edən ABŞ Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə “fərqli” yanaşma sərgiləyir. Sabah Ukrayna, məsələn, Xerson və ya Zaporojye, yaxud Donetski azad etsə, hansısa ABŞ səfirinin ora səfər etməyəcəyini, “qaytarılmış torpaqlar fərqlidir” bəhanəsi gətirəcəyini təsəvvür etmək mümkündürmü?”
Politoloq səfir Libbinin Azərbaycanda azad media haqda sözlərinin də bu siyasətin tərkib hissəsi olduğunu bildirib:
“Əgər Mark Libbi Şuşaya, Xankəndiyə gedib, Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib, daha sonra Azərbaycanda azad mediaya təzyiqlər haqda danışsaydı, bəlkə də onun sözlərinin səmimiliyinə inanmaq olardı ki, təsəvvürü bu cürdür, aldığı informasiyaya əsaslanır və əlbəttə ki, öz mövqeyimizi təqdim etməyə və bölüşməyə hazır idik. Ancaq Libbinin bərpa edilən ərazi bütövlüyünü “fərqli” adlandırması, ardınca da yalnız Qərbin şəfaf olmayan mənbənin konkret mövzu sifarişini (məsələn, Azərbaycanda korrupsiya araşdırması və s.) yerinə yetirən şəxslə görüşüb, sonra da Azərbaycanda media azadlığının məhdudlaşdırılmasından danışması təkcə qeyri-səmimilik, ikili standart, beynəlxalq normaları ayaqları altına almaq deyil, həm də Azərbaycana təzyiq etdiklərinin açıq-aşkar ifadəsidir və bunu gizlətmirlər də. Qərbin hazırda Gürcüstanda baş verən proseslərə münasibəti də eynidir. İnana bilmirsən ki, Qərb yolu tutan, Avropaya inteqrasiya olunan, AB üzvlüyünə namizəd statusu alan Gürcüstanın xarici agentlərlə bağlı qanun qəbul etməyə hazırlaşması ABŞ və AB-ni bu qədər qəzəbləndirib. Halbuki bu qanun şəffaflıq üçündür, büdcəsinin 25%-dən çoxu xaricdən maliyələşən qeyri-hökumət qurumlarına bu faktı Ədliyyə Nazirliyinə bəyan etmələri istənilir, vəssalam. Bu qanun ABŞ-da 100 ildir qüvvədədir, eləcə də Avropada. İndi nə baş verir ki, Gürcüstan ABŞ-da mövcud olan qanunun daha yumşaq formasını şəffaflıq üçün qəbul etmək istəyəndə ABŞ təzyiqi artırır, AB hətta sanksiyalarla, üzvlüyə namizəd statusunu geri alacağı ilə hədələyir? Məqsəd qeyri-şəffaf vəsaitlərin ölkəyə daxil olmasına şərait yaratmaqla, qeyri-hökumət sektoruna nəzarət və bununla ictimai düşüncəyə təsir imkanı qazanmaq, öz maraqlarını yeritməkdir. Milli maraqlarını qoruyan və öz təhlükəsizliyinin qeydinə qalan heç bir ölkəni Qərbin niyə sevmədiyi və bu ölkələrdə “demokratiya olmadığını”, “insan haqlarını pozulduğunu” deyib, təzyiq etdiyini anlamaq üçün dərin analizə belə ehtiyac yoxdur”.
Politoloqun fikrincə, Henri Kuelyar olayı da Azərbaycana təzyiqin növbəti dalğasıdır:
“Əvvəla, ona qarşı irəli sürülən ittihamlar yeni deyil, 2022-ci ildə də onun evində axtarış aparılıb, “Azərbaycanla bağlı sənədi” nə qədər gəzsələr də, tapmayıblar; ikincisi, Kuelyara qarşı iki il öncə sui-qəsd cəhdi də olub. Ona sui-qəsd edənin kimliyi haqda hələ də məlumat verməyiblər.
Üçüncüsü, Kuelyar Konqresdə Azərbaycanla dostluq qrupunun həmsədridir və Azərbaycanla əlaqələrinin olması normaldır. Necə olur ki, ABŞ kəşfiyyatı 2014-cü ildən 2021-ci ilə qədər guya SOCAR-ın ona lobbiçilik üçün 600 minə qədər vəsait verməsini bilməyib?
Menendez olayını xatırlayırsınızmı? Bu rüşvətxor, korrupsioner konqresmenə ermənilərə lobbiçilik üçün ən azı 400 min dollar, o cümlədən bahalı hədiyyələr verildiyi üzə çıxdı, bütün bunlar nağd şəkildə onun evindən tapıldı. Ancaq Kuelyarın evindən nə sənəd, nə də pul tapılıb, yalnız “konsaltinq xidməti üçün 7 il ərzində köçürülən pulların şübhəli olması” iddiası qaldırılıb. Rüşvəti hesaba “köçürüblər” və bundan ABŞ kəşfiyyatı yalnız Azərbaycan öz torpaqlarını azad edəndən sonra xəbər tutub? Bu ki gülməlidir! Bu, bir tərəfdən Menendez rüsvayçılığının kompensasiya cəhdidirsə, digər tərəfdən Azərbaycana qarşı səfiri vasitəsilə davam edən təzyiqin təsadüfi olmadığının təsdiqidir. Səfir də təsadüfən demir ki, bizim səfərlərimizi səfirlik müəyyən edir. Yəni Şuşaya öz xoşuma gedə bilmərəm, mənə icazə vermirlər”.