ABŞ uzunmüddətli hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün Ukraynaya əlavə 1,2 milyard dollarlıq hərbi yardım etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən “Assoşeyted Press” məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun çərşənbə axşamı elan etmək niyyətində olduğu hərbi yardım paketi Kiyevə ötürülməsi planlaşdırılan “Havk” zenit-raket komplekslərinin və pilotsuz uçuş aparatlarının istehsalı üçün vəsaitin ayrılmasını nəzərdə tutur:
“Bundan əlavə, pul artilleriya sursatlarının və raketlərin istehsalına, peyk görüntülərinə çıxışın təmin edilməsinə, avadanlıqların saxlanmasına və ehtiyat hissələrinin alınmasına sərf olunacaq. Ukraynanın gələcəkdə ehtiyaclarını təmin etmək üçün vəsaitlərin bir neçə ay və hətta il ərzində bölüşdürülməsi planlaşdırılır”.
Qeyd olunur ki, sözügedən paketə daxil olan silahlar Pentaqonun mövcud ehtiyatlarından ayrılmayacaq.