Albaniya polisinin iyunun 20-da İran hakimiyyətinə qarşı barışmaz mövqedə olan İran Xalq Mücahidləri Təşkilatının Manez şəhərində yerləşən mənzil qərargahına hücumu ABŞ-İran arasında gizli razılaşmanın ilkin nəticələrindən biridir.
Bu sözləri AzerTimes-a açıqlamasında İran Xalq Mücahidləri Təşkilatının üzvü Yusif Səhənd deyib.
O, təşkilata edilən hücumun arxasında ABŞ-ın dayandığını bildirib:
“Tirana hökumətinin müxalif təşkilata qarşı belə hərəkəti son aylar Amerika ilə İran hakimiyyəti arasında gizli danışıqların getdiyi barədə məlumatların doğru olduğuna dəlalət edir. Bayden hökuməti molla rejiminin süqutunda maraqlı olmadığı üçün rejimə qarşı ciddi alternativ olan Xalq Mücahidləri Təşkilatının Albaniyada yerləşən mənzil-qərargahına hücuma yaşıl işıq yandırıb. Albaniyanın Vaşinqtonun istəyindən fərqli hərəkət edə bilməyəcəyini nəzərə alsaq, bu hücumun arxasında ABŞ hakimiyyətinin olduğunu demək olar. Bununla yanaşı, İbrahim Rəisi ilə Fransa Prezidenti Emanuel Makronun telefon danışığından sonra Xalq Mücahidləri Təşkilatının iyulun 1-də Parisdə keçirilməsi planlaşdırılan qurultayı Fransa hökuməti tərəfindən ləğv edilib. Bu hadisələr bir-biri ilə bağlıdır və burada təsadüfi heç nə yoxdur”.
Səhənd ABŞ Dövlət Departamentinin Albaniya hökumətinin hərəkətinə bəraət qazandıran bəyanatına toxunub:
“Dövlət Departamenti məsələ ilə bağlı yaydığı bəyanatda Xalq Mücahidləri Təşkilatının İranın demokratik hərəkatı və İranda yaşayan xalqların təmsilçisi olmadığını iddia edib. Bu bəyanat da özlüyündə mücahidlərə qarşı hücumun arxasında ABŞ-ın dayandığını göstərir. ABŞ İranda yaşayan xalqların deyil, özünün maraqlarını güdür, bu istiqamətdə onun tapışırıqlarını sorğu-sualsız yerinə yetirən cərəyan və şəxsləri müdafiə edir. Xalq Mücahidləri Təşkilatı 50 ildən çox fəaliyyət keçmişi olan təşkilat kimi İranda yaşayan bütün xalqların hüquqlarının müdafiəçisi olduğunu sübut edib. Bu, təşkilatın proqramında da əks olunub. Qurum rəhbərliyinin bütün çıxışlarında bunun prioritet olduğu bildirilib. ABŞ Dövlət Departamentinin bəyanatı bu həqiqəti dəyişə bilməz”.
Yusif Səhəndin sözlərinə görə, Amerika bu vasitə ilə öz maraqları üçün istənilən vaxt molla rejiminin arxasında duracağını bir daha sübut etdi:
“Amerikanın razılığı ilə Albaniya polisinin Xalq Mücahidləri Təşkilatının mənzil-qərargahına hücumu Vaşinqtonun İran xalqlarına və molla rejiminə qarşı mübarizə aparan həqiqi müxalifətə növbəti xəyanətidir. Bunu nəzərə almalı, rejimə qarşı mübarizədə xalqların və gerçək müxalifətin birliyinə çalışılmalıdır”.
O, bundan öncə mücahidlərin İraqda yerləşən “Əşrəf-2” qərargahına İranın SEPAH və təhlükəsizlik qüvvələrinin hücum etdiyini, nəticədə 50-dən çox mücahidin öldürüldüyünü, onlarla mücahidin yaralandığını xatırladıb:
“Buna baxmayaraq, Xalq Mücahidləri Təşkilatı mübarizəsini davam etdirdi. Bu kimi hücumlar mübarizəmizə mane ola bilməz, əksinə daha əzmkar çalışmağa, konsantrasiya olmağımıza səbəb olur. Molla rejiminin devrilməsi və zalımların ədalət məhkəməsinə çıxarılmasına qədər bu mübarizə davam edəcək. Gündəlik fərdi və qrup maraqlarına deyil, ümumi amal və istəklərimizə bağlılığımız qalibiyyətimizi qaçılmaz edir”.
Qeyd edək ki, iyunun 20-si günorta saatlarında Albaniyanın yüzlərlə polisi İran Xalq Mücahidləri Təşkilatının mənzil-qərargahına hücum edib. Buna etiraz edən mücahidlərlə polis qüvvələri arasında gərginlik yaşanıb, nəticədə Əbdülvahab Fərəcinejad adlı təşkilat üzvü ölüb, 100 nəfər bibər qazından zəhərlənib və 70 nəfər həbs edilib. Albaniya hökuməti isə İran Xalq Mücahidləri Təşkilatının kiber hücumlar həyata keçirdiyi üçün bu ölkə ilə təşkilat arasında 2014-cü ildə bağlanan müqaviləyə zidd davrandıqlarını iddia edib.