ABŞ-dan Bakıya növbəti təxribat: Hesabatda nələr var?

ABŞ-dan Bakıya növbəti təxribat: Hesabatda nələr var?

ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyası (USCİRF) ölkəmizdə dini etiqadın hazırki vəziyyəti ilə bağlı qərəzli hesabat hazırlayıb.

AzerTimes xəbər verir ki, hesabat qurumun nəzarət siyasəti məsələləri üzrə analitiki Kelli Bekken tərəfindən hazırlanıb və “Azərbaycanda dinə dövlət nəzarəti” adlanır.

Sənəd “Ümumi baxış”, “Dini etiqad azadlığına hörmət və əlaqədar insan hüquqları”, “Dini etiqad azadlığına dair qanunvericilikdə məhdudiyyətlər”, “Dağlıq Qarabağda dini yerlər”, “Müsəlmanlara təzyiqlər davam edir” və “Nəticə” adlı altı hissədən ibarətdir.

Birinci hissədə Komissiyanın cari ilin may ayında dini etiqadların “ciddi şəkildə” pozulması fonunda Dövlət Departamentinə Azərbaycanı özünün Xüsusi Nəzarət Siyahısına salmağı tövsiyə etdiyi xatırladılır. Dövlət Departamentinin ötən ilin noyabr ayında verdiyi bəyanatda Azərbaycanı 1998-ci ildə qəbul olunmuş “Dini etiqad azadlığı” Aktına uyğun ölkələr sırasına daxil etməkdən imtina etdiyi bildirilib. Son 3 il ərzində müxtəlif dini fəaliyyətlərə məhdudiyyətlərə hüquqi don geyindirmək üçün “Dini etiqad azadlığı haqqında” Qanuna iki dəfə dəyişiklik etdiyi nəzərə çatdırılır.

Hesabatda eyni zamanda Qarabağ bilərəkdən “Dağlıq Qarabağ” adlandırılır, oradakı “repressiya”lardan bəhs olunur, şiə məzhəbinə mənsub dini fəalların “təqibin”dən danışılır.

İkinci hissədə isə “Fridom Haus”un (Freedom Hause) qərəzli hesabatlarına istinad edilir və Azərbaycan azad olmayan, siyasi hüquqlar və vətəndaş azadlıqlarının aşağı səviyyədə olduğu ölkə kimi xarakterizə edilir. Bu hissədə Qubad İbadoğlunun həbsindən danışılır, eyni zamanda dini fəalların həbsi vurğulanır. Digər tərəfdən Azərbaycanda 202 nəfər siyasi məhbusun olduğu deyilir. Hesabatda dövlətimizin ötən ilin dekabr ayından etibarən Qarabağdakı etnik erməniləri “blokada”da saxladığı, Laçının qismən “blokada”sından sonra, yəni 2023-cü ilin iyununda bunun tam “blokada”ya çevrildiyi iddia edilir. Guya Azərbaycanın bu ilin sentyabr ayında “hücum”a keçməsindən və bölgəni zorla geri almasından sonra 100 mindən çox etnik erməni bölgədən köç etməyə məcbur olub.

Üçüncü hissədə isə 2009-cu il tarixli “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərdən bəhs olunur. Burada dini icmaların, eyni zamanda ibadət yerlərinin qeydiyyatının çətinləşdirildiyi bildirilir. Bununla yanaşı, dini ədəbiyyat və müvafiq materialların aidiyyəti orqanlar tərəfindən nəzərdən keçiriləndən sonra çapı, idxalı, ixracı və ölkədə paylanılması da vəziyyəti ağırlaşdıran məsələ kimi qələmə verilir.

Məscidlərdə axund və imamların dövlət tərəfindən təyin olunması, onların attestasiyası, rəsmi icazə olmadan dini təbliğatın və missionerliyin qadağası tənqid edilir. “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərlə rəsmi şəxslərə dini fəaliyyətin qadağan olunması dövlətin nəzarətinin gücləndirilməsi faktı kimi qiymətləndirilir.

Dördüncü hissədə dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə yenidən hörmətsizlik edilir və paraqraf ““Dağlıq Qarabağ”da dini yerlər” adlandırılıb. Paraqrafda bir sıra təşkilatların Qarabağdakı dini obyektlərin qorunması ilə bağlı “narahat”lıqları ifadə edilib, istinad kimi Beynəlxalq Ədalət Məhkəməsinin cari ilin fevral ayında verdiyi qərar göstərilib. Xarici işlər naziri Ceyhun Bayramovun 23 iyunda digər etnik və dini azlıqlar kimi Azərbaycan cəmiyyətinə inteqrasiya edəcək etnik ermənilərin rahat şəkildə öz mədəniyyətlərini qoruya, inkişaf etdirə biləcəkləri ilə bağlı verdiyi açıqlama təhdid kimi qəbul edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının 2 may tarixində erməni keşişlərin Xudavəng monastrını tərk etməli olduqları ilə bağlı verdiyi açıqlama (Monastırın ermənilərlə heç bir əlaqəsi yoxdur və ölkəmizin Alban-udi icmasının orada ibadəti üçün hər cür şərait yaradılıb. Abidə dövlət nəzarəti altında qorunur –red.) isə ermənilərin bizim ərazimizdə mövcudluğuna qarşı daha sərt çıxış kimi dəyərləndirilib. Sənəddə Azərbaycanın sentyabr ayında keçirdiyi lokal antiterror tədbirlərindən sonra bölgəyə göndərilən BMT missiyasının fəaliyyətinə yer verilməsi diqqətçəkən məqamdır. Əslində bu, həm də özünü inkardır. Burada BMT missiyasının mədəni və dini strukturlarının ziyan görməsinə dair heç bir faktla rastlaşmadığı bir daha qeyd olunub. Lakin yenə də çağırış etməyi unutmayıblar.
Beşinci hissədə şiə məzhəbinə məxsus insanların “təqib” edilməsindən, xüsusilə Müsəlman Birliyi Hərəkatı ilə bağlı məsələlərdən bəhs olunub. Qurum Azərbaycan dövlətini ölkəmizin İrandakı səfirliyində törədilən terror aktından sonra dinc dindarların heç bir əsas olmadan həbsində günahlandırıb. Sənəddə “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq Birliyi”nin açıqladığı rəqəmlərə istinadla “saxta ittihamlarla həbs olunan dindarlar”ın 171 nəfər olduğu bildirilib.

Altıncı hissədə “Yehovanın Şahidləri” təriqətinə məxsus insanların həbsindən, onlara edilən “təzyiq”lərdən danışılıb.

Sonuncu hissədə isə Azərbaycan dövlətinin bir sıra addımlarla dini azadlıq sahəsində əldə etdiyi kiçik irəliləyişlərin üzərindən xətt çəkdiyi vurğulanıb. Dövlət Departamentinə Azərbaycana yuxarıda qeyd etdiyimiz Qanuna edilən dəyişikliklərdən imtina olunmayanadək təzyiq göstərilməsi tövsiyə edilib. Eyni zamanda ölkəmizin Xüsusi Nəzarət Siyahısına (SWL) salınmasının vacibliyi vurğulanıb.

Teqlər: