ABŞ-ın Şimali Karolina ştatında yaşayan soydaşlarımız İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin bombardman etdiyi Azərbaycan şəhərləri ilə bağlı Amerika ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın adından Ağ Ev administrasiyasına, “Human Rights Watch”, “Open Society Foundation”, “Front Line Defenders”, “Human Rights House” və digər beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatda bildirilib ki, Birləşmiş Ştatlarda yaşayan Azərbaycan əsilli amerikalılar 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edirlər. “İnsanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri pisləyirik. Bu qanlı cinayətlərin törədilməsinə məsuliyyət daşıyanların indiyədək ədalət məhkəməsi qarşısına çıxarılmamasından dərin təəssüf hissi keçiririk”, – deyə təşkilat rəhbəri vurğulayıb.
Bəyanatda Qarabağ münaqişəsinin tarixi, Ermənistanın torpaqlarımızın 30 illik işğalı dövründə törətdiyi dəhşətli müharibə cinayətləri, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə münaqişə zonasından və cəbhə xəttindən onlarla kilometr məsafədə yerləşən Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinin ağır artilleriya, ballistik raketlər, fosforlu və kasetli bombalar vasitəsilə bombardman edilməsi nəzərə çatdırılıb. Nəticədə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Ermənistanın hərbi cinayətləri beynəlxalq hüququn norma və prinsiplərinin, 1949-cu il Cenevrə Konvensiyalarının və onlara Əlavə protokolların müddəalarının kobudcasına pozulması kimi qiymətləndirilib.
Təşkilat rəhbəri gələcəkdə analoji cinayət əməllərinin təkrarlanmaması naminə Amerika ictimaiyyətini və beynəlxalq birliyi bu dəhşətli hadisələrə adekvat reaksiya verməyə çağırıb, Ermənistanda bu cinayətlərə cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli addımlar atılmasını tələb edib.