ABŞ ordusunun istefada olan mayoru və onun həyat yoldaşı, anestezioloq Anna Qabrelyan Rusiyaya hərbi xəstələr haqqında tibbi məlumat “sızdırmaq”da ittiham olunur.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamenti məlumat yayıb.
“Şimali Karolinadakı “Fort Bragg”da həkim olan, ABŞ ordusunun istefada olan mayoru Ceymi Li Henri və onun həyat yoldaşı Anna Qabrelyan hərbi bazadakı xəstələr haqqında tibbi məlumatları Rusiyaya ötürüb. Henrinin vəkili Devid Litl ittihamları şərh etməkdən imtina edib, lakin müvəkkilinin ev dustaqlığına buraxıldığını bildirib. Ukraynadakı müharibədən sonra cütlük Rusiya hökumətinə ABŞ hökuməti və hərbçiləri ilə əlaqəli şəxslər haqqında sağlamlıq məlumatları təqdim etməklə kömək etmək istəyib. Cütlük Rusiya məmuru olduğunu düşündükləri, lakin əslində FTB-nin gizli agenti olduğu bir şəxslə görüşüb. Henrinin tibbi məlumat verməklə bağlı bəzi tərəddüdləri olub, lakin Qabrelyan tərəddüd etməyib. Avqustun 24-də keçirilən növbəti görüşdə Qabrelyan agentə ərinin qorxaq olduğunu, lakin qanunu daim pozduğunu bildirib və “Fort Bragg” xəstələrinin tibbi qeydlərinə girişi təmin edəcəyini söyləyib. İttiham aktında deyilir ki, Qabrelyan ayın sonuna kimi hazırkı və keçmiş hərbi məmurlar və onların həyat yoldaşları haqqında məlumatı “sızdırmağa” cəhd edib”, – məlumatda bildirilib.