Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və Birləşmiş Ştatların nüfuzlu düşüncə mərkəzi Hadson İnstitutunun əməkdaşlığı ilə “Azərbaycan və qlobal enerji təhlükəsizliyi” mövzusunda panel iclası keçirilib.
Səfirlikdən AzerTimes-a bildiriblər ki, tədbirdə ABŞ-da fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, enerji məsələləri üzrə ekspertlər və bu sahədə fəaliyyət göstərən düşüncə mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Panel iclasında Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, energetika nazirinin müavini Elnur Soltanov, Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin baş elmi işçisi və direktoru Maykl Doran, həmçinin milli təhlükəsizlik və müdafiə, xarici siyasət üzrə baş elmi işçisi Lyuk Kofi çıxış ediblər.
Səfir X.İbrahim Azərbaycanın geostrateji əhəmiyyətinə diqqət çəkərək, ölkəmizin enerji sektorunda vacib rol oynadığını qeyd edib.
E.Soltanov ölkəmizin enerji sektoru və ABŞ ilə əlaqələrinin tarixindən, Azərbaycanın XIX əsrdən etibarən bu sahədə dünya miqyasında rolundan bəhs edib.
M.Doran çıxışında Azərbaycan ilə əlaqələrin region ölkələri üçün həyati önəm daşıdığını vurğulayıb, ölkəmizin həmişə regional və qlobal miqyaslı layihələrin təşəbbüskarı və icraçısı olduğunu bildirib.
L.Kofi qeyd edib ki, xüsusilə Ukraynadakı müharibədən sonra Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın qurulmasının vacibliyini daha çox dərk etməyə başlayıb. Onların təbii qazın yaşıl enerji kimi tanınmasını dəstəkləmələrinə və Azərbaycanın Avropaya təbii qaz ixracında önəmli roluna baxmayaraq, son zamanlar Azərbaycana qarşı ritorikasının dəyişməsinin müşahidə edildiyi bildirilib. Bununla yanaşı, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının baş tutmasının regionda iqtisadi inkişafa da ciddi töhfə verəcəyi, indiyədək bu bölgəyə gəlməmiş birbaşa xarici investisiyalar üçün münbit şərait yaradacağı vurğulanıb.