ABŞ və AB İkinci Qarabağ müharibəsindən əvvəl indiki qədər fəal deyildilər. Belə ki, görüşlər yalnız Minsk Qrupu həmsədrləri çərçivəsində keçirilərdi. Hazırda Azərbaycan və Ermənistan liderləri, o cümlədən iki ölkənin xarici işlər nazirləri il ərzində Vaşinqton və Brüsseldə tez-tez görüşərək fikir mübadiləsi aparırlar.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq vurğulayıb ki, müzakirələrin nəticəsi olaraq ortaq sənədlər imzalanmasa da, Vaşinqton və Brüssel Azərbaycanla Ermənistan arasındakı vasitəçiliklərinə ara vermək istəmirlər:
“Bunun səbəbi odur ki, Vaşinqton və Brüssel vasitəçilik təşəbbüslərini bir qədər zəiflətsələr, boşluğu dərhal Moskva doldurmağa çalışacaq. Bu isə onların regional maraqlarına ziddir. Moskvanın vasitəçilikdə marağı isə bölgədə sülh, sabitlik və əməkdaşlıq yox, Ermənistan və Azərbaycana təsir imkanlarını əldən buraxmamaqdır. Ona görə də Vaşinqton və Brüsselin fəallığı həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur”.