ABŞ Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqda kömək göstərə bilər – Sekuta (ÖZƏL)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

ABŞ Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqda kömək göstərə bilər.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində deyib.

O bildirib ki, özü regionda bu məsələ üzərində işləyib: “Münaqişə onilliklərlə davam edib. İndi əsas məsələ bunun öhdəsindən gəlməkdir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında sülhə doğru irəliləməkdə hazırlıq və qətiyyət barədə bildirib. Fikrimcə, ABŞ bu prosesdə öz rolunu oynaya bilər. Hesab edirəm ki, bu gün Vaşinqtonda Azərbaycana və Ermənistana sülh quruculuğunda necə kömək göstəmək barədə düşünürlər. Bu, çətin olsa da mümkündür. Sərhədlərin demarkasiyası da sülh prosesi çərçivəsində həll edilməli olan məsələlər sırasındadır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: