ABŞ Azərbaycan və Ermənistana hərtərəfli sülhə nail olmağa kömək
etməyə, həmçinin ATƏT-in Minsk qrupu vasitəsilə hazırdır.
Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat
xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirilən brifinq
zamanı deyib.
“Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan
gələcəyin təşviqinə sadiq qalırıq. Biz Ermənistanın baş naziri
Nikol Paşinyan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında
aprelin 6-da Brüsseldə keçirilən görüşü, o cümlədən sülh
danışıqlarına hazırlığın müsbət dinamikasını və sərhədlərin
delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını
alqışlayırıq. ABŞ dövlət katibi Entoni Blinkenin bir gün əvvəl,
aprelin 5-də hər iki liderlə danışıqları zamanı vurğuladığı kimi,
biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarını
təşviq etməyə davam edirik. Dövlət katibi bir daha təsdiqləyib ki,
ABŞ uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün həmfikir
tərəfdaşlarla, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi
ikitərəfli əməkdaşlıq etməyə hazırdır”, – deyə N.Prays
bildirib.