ABŞ ali məktəbində Azərbaycan dili tədris ediləcək

ABŞ ali məktəbində Azərbaycan dili tədris ediləcək

ABŞ-ın Yuta ştatında səfərdə olan Bakı Beynəlxaıq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bir sıra mühüm görüşlər keçirib.

AzerTimes xəbər verir ki, Salt Layk Citi şəhərinin meri xanım Erin Mendenall və Yutah ştat Senatının sədri cənab Stüart Adams ilə görüşdə icraçı direktor Azərbaycanın multikulturalizm siyasəti, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlarda geniş maraq doğuran qlobal təşəbbüsləri haqqında geniş məlumat verib. Görüşdə, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən tarixi torpaqlarımızda mədəni irsimizə qarşı törədilən vandalizm aktları və ərazilərimizin minalarla çirkləndirilməsi barədə də ətraflı danışılıb. Görüşlər zamanı Multikulturalizm Mərkəzinin ingilis dilində nəşr etdiyi Qarabağ, Şuşa və Qafqaz Albaniyası irsinə həsr olunan kitabları hədiyyə edilib.

ABŞ səfəri çərçivəsində BBMM-in icraçı direktoru R. Həsənov Brinqam Younq Universitetinin Hüquq və din fakültəsinin dekanı, professor Bred Şarf və Sosial elmlər fakültəsinin dekanı, professor Skot Miller ilə də görüşub. Görüşdə 2023-cü ilin qış semestrindən etibarən Brinqam Younq Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Azərbaycan dili və multikulturalizmi fənninin tədris olunması barədə qərar qəbul edilib. Qeyd edək ki, bununla da ilk dəfə olaraq Azərbaycan dili və multikulturalizmi fənninin tədrisi ABŞ-da həyata keçiriləcəkdir. Hazırda Brinqam Younq Universitetində 40.000-dən yuxarı tələbə təhsil alır.

Bu layihə ilə bağlı ilkin razılıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Los-Anceles şəhərindəki sabiq baş konsulu, hazırda Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayevin danışıqları sayəsində əldə edilmişdi.

Teqlər: