ABŞ Prezidentinin tarixdə olmamış hadisəni “erməni soyqırımı” adlandırması qəbuledilməzdir – Oqtay Əsədov

ABŞ Prezidenti Co Baydenin tarixdə olmamış, yalanlar və təhriflər üzərində qurulmuş bir hadisəni “erməni soyqırımı” adlandırması qəbuledilməzdir və qınanılmalıdır. Yalançı, uydurma bir hadisəyə bu cür yanaşmanın isə heç bir hüquqi nəticəsi ola bilməz və olmayacağı da gün kimi aydındır.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib. Onun sözlərinə görə, özünü “demokratiyanın beşiyi” adlandıran bir ölkənin prezidentinin 1915-ci il hadisələrinə bu yanaşması qərəzlik və acizliyin göstəricisidir: “Bayden bu bəyanatı ilə demokratiya, insan hüquqları haqqında söylədiyi bütün ifadələrin üstündən qara xətt çəkdi.

Təbii ki, bu bəyanat NATO-nun ən güclü dövlətlərindən olan Türkiyə ilə ABŞ-ın münasibətlərinə də təsir edəcək. Tarixi hadisələri siyasiləşdirmək qəti qəbulolunmazdır. Bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Tarixi faktlar isə qeyd olunan dövrdə Anadoluda heç bir soyqırımı aktının baş vermədiyini təsdiq edir.
Türkiyə rəhbərliyi, dəfələrlə dünyaya, o cümlədən Ermənistana müraciət edərək, Osmanlı arxivini açmaları və ortaq komissiya yaradılması təklifi irəli sürsə də, heç bir ölkə buna müsbət cavab verməyib.

Özünü ədalət və demokratiya müdafiəçisi hesab edən Birləşmiş Ştatlar, çox da uzaq olmayan bir tarixdə, 29 il əvvəl baş verən Xocalı soyqırımını görmürsə, 106 il əvvəl uydurulan bir hadisəyə belə münasibət bidirirsə, bu, ABŞ-ın ikili standartlarla çıxış etdiyini sübut edir.

Baydenin belə yanlış qərarı həssas bölgələrdə yaranmaqda olan sülh və əməkdaşlıq prosesini təhdid altında saxlayacaq. Bu, regionda yaranmış yeni əməkdaşlıq mühitinə də ağır zərbə vuracaq”.

O.Əsədov qeyd edib ki, məlum bəyanat Azərbaycan cəmiyyətində də qınanılır: “Bəyanatdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Dövlət başçıları Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar. Bu qərarın yanlış olduğunu qeyd edən dövlətimizin başçısı Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb.

Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayan cənab Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Azərbaycan Prezidenti ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Bu isə bir daha Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin heç vaxt biri-birini tək qoymayacağını, həmrəyliyimizi göstərir”.

Teqlər: