Xəbər - Samir Əli – Trend:
Ölkədə abonentlərə verilən təbii qazın tərkibinə hava və ya başqa maddələrin vurulması texniki cəhətdən mümkün deyil.
Bunu AzerTimes-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, bu barədə ictimaiyyət arasında yayılan məlumatlar şayiədir: “Amma bəzən olur ki, hansısa təmir prosesindən sonra belə hallar baş verir. Qəza baş verərkən xətdə qaz dayandırılır, təmir prosesindən sonra xəttə qaz buraxılarkən abonentlərin qaz cihazlarından müəyyən müddətdə hava gələ bilər. Yəni qəza zamanı, bizim yerlərdəki əməkdaşların səhlənkarlığı üzündən qəza baş verən yeri tam müəyyən edənə qədər xəttə hava daxil ola bilir. Bu da qısa müddətdə olur və sonradan qaz bərpa olunur. Qaz cihazlarına hava daxil olmasının qarşısını almaq üçün qazpaylayıcı qutularda havaçıxarıcı yer var. Xəttə qaz veriləndən sonra həmin havanı oradan çıxarmaq mümkündür. Amma yerlərdəki əməkdaşlarımız səhlənkarlıq edir və bu havanı xətdən kənarlaşdırmır. Nəticədə abonentin qaz cihazlarına hava düşür”.