Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Abıyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
AzerTimes xəbər verir ki, Əhəd Abıyevin vəzifədən çıxması ilə dərhal onun var-dövlətinin siyahısı da sosial şəbəkələrdə yayılıb.
Diqqət çəkən məqam isə onun var-dövlətləri siyahısında yaxın qohumlarına aid mülklərin də göstərilməsidir. Belə ki, Əhəd Abıyevə yaxın olduğu bildirilən digər şəxslərin də mülkləri “siyahıya” əlavə edilib.
Daha bir maraqlı məqam Ə.Abıyevə aid olduğu bildirilən mülk, villa və digər daşınmaz əmlakların demək olar ki, hamısının 2007-ci ildən əvvələ aid olmasıdır (Yalnız Daşkəsəndə bir mənzil istisna olmaqla). Zəruri olaraq qeyd edək ki, Ə.Abıyev 2011-ci ildə Daşkəsən RİH-nin başçısı təyin edilib.
Yayılan siyahıda Ə.Abıyevin özünə aid olduğu iddia edilən mülklər bunlardır:
– Daşkəsən rayonu 20 Yanvar, ev 8 ünvanında mənzil,
– Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil,
– Nərimanov rayonu M.Qaşqay, ev 102 ünvanında mənzil,
– Nərimanov rayonu, M.Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası,
– Milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası,
– Gəncədə, Göygöldə mənzilləri, bağ evləri,
– Badamdarda 3 ədəd villası,
– Novxanı qəsəbəsində milyonlarla manat qiyməti olan bağ evi,
– Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otelləri.
Bir daha xatırladaq ki, “obyekt və mülkləri” siyahısında göstərilən 37 əmlakın heç biri Əhəd Abıyevin adına deyil: qardaşları, əmisi oğlanları, bacısı oğlu, kürəkəni, “yaxın adamı” deyə ümumiləşdirilən şəxslərə aiddir.