Abituriyentlərin nəzərinə: İxtisas seçimi başa çatır

Abituriyentlərin nəzərinə: İxtisas seçimi başa çatır

Sabah ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatır.

İxtisas seçimi avqustun 15-dən 20-dək aparılır. İmtahanların nəticələrinə görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Qeyd edək ki, bu il ali məktəblərə keçirilən yerləşdirmənin nəticəsində qəbulolma faizi 85.37 olub. I mərhələnin nəticəsinə əsasən, 6242 (14,63%) yer boş qalıb. Dövlət ali təhsil müəssisələrində vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində isə 2579-dur (41.30%).