Abituriyentlər bu il buraxılış imtahanlarında niyə aşağı nəticə göstərib?

Buraxılış imtahanlarında şagirdlərin nəticələri ötən illərlə
müqayisədə bu il aşağı olub. İmtahanların birinci mərhələsində
maksimum nəticəni göstərənlərin, yəni 300 bal toplayan şagirdlərin
sayının az olması bu il 700 bal toplayanların da çox az olacağını
deməyə əsas verir.

Bu barədə Trend-in suallarını cavablandırarkən Təhsil
Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim,
Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru
İlqar Orucov bildirib.

Onun sözlərinə görə, abituriyentlərin maksimum bal toplamaması
təhsilin səviyyəsinin aşağı düşməsi demək deyil.

“Bu, imtahan prosesidir və ola bilsin ki hər hansı psixoloji və
ya başqa bir səbəbdən abituriyent suala səhv cavab verir. Bu
ümumilikdə şagirdin biliyinin tam göstəricisi deyil. Yüksək bal
toplanmaması təhsilin səviyyəsinin aşağı düşməsi mənasını kəsb
etmir. Dövlət İmtahan Mərkəzinin də sualları çətin tərtib
etdiklərini də iddia edə bilmərik. Hesab edirəm ki, mərkəzdə
kifayət qədər savadlı mütəxəssislər çalışır və sualları tərtib
edərkən proqram məzmununu diqqətdən keçirirlər. Abituriyentlər
imtahan nəticələri ilə kifayətlənməməli, daim öz üzərlərində
çalışmalıdırlar. Çünki imtahan nəticəsi heç də savad, bilik
göstəricisi deyil”, – deyə o bildirib.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran təhsil
eksperti Kamran Əsədov isə qeyd edib ki, cari ilin
mart ayında 11-ci siniflər üçün buraxılış imtahanlarından sonra
aprel ayında 9-cu siniflərin buraxılış imtahanları keçirildi və ilk
imtahan həftəsindən şagirdlər arasında ciddi narazılıqlar
eşidilməyə başlandı.

“Şagirdlər iki ildən çoxdur ki, pandemiya şəraitinə görə dərs
prosesində tam iştirak edə bilmirlər. Mütəmadi olaraq məktəblər
qapanmaya gedirdi, müəllimlər arasında youxmaya görə tədris tam
olaraq bərpa edilmirdi, bəzi şagirdlər onlayn tədris üçün
vasitələrə sahib deyildi. Bütün bu amillər hamısı tədrisin
təşkilində çətinlik yaratdı və əlbəttə ki, imtahan nəticələrinə də
öz təsirini göstərdi”, – deyə o əlavə edib.

Teqlər: