Abdin Fərzəliyev sakinlərlə görüşüb (FOTO)

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 25
yanvar 2021-ci il tarixdə Xırdalan şəhəri, 27-ci məhəllə, 1b saylı
çoxmənzilli binada baş vermiş güclü partlayış nəticəsində ziyan
çəkmiş sakinlərlə görüşmək məqsədi ilə sözügedən ünvana getmişdir.
Görüş zamanı bildirilmişdir ki, güclü partlayış nəticəsində 5
mənzil tamamilə dağılmış, qarşıdakı 80 mənzildən ibarət çoxmənzilli
yaşayış binasında 40-dan çox mənzilin pəncərələri, qapıları və bir
çox məişət əşyaları yararsız vəziyyətə düşmüşdür. Hazırda
çoxmənzilli binada təmir-bərpa işləri başa çatmış, zərər çəkmiş
ailələr öz mənzillərinə qaytarılmışdır. Mənzilləri tamamilə
dağılmış 5 ailə üçün isə çoxmənzilli yaşayış binasının qarşısında
iki mərtəbədən ibarət binanın tikintisi və çoxmənzilli binada
mətbəxti yararsız vəziyyətə düşmüş bir ailə üçün isə növbəti
mərhələdə mətbəxtin yenidən inşası nəzərdə tutulmuşdur. Lakin
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Fövqəladə Hallar
Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə
bildirilib ki, iki mərtəbədən ibarət binanın tikintisi üçün təklif
olunan ərazinin ölçüləri şəhərsalmanın əsaslandırılması layihəsinin
işlənməsi üçün yetərli (tələbləri ödəmir) deyil və bu səbəbdən
məsələ açıq olaraq qalmaqdadır.

RİH başçısı Abdin Fərzəliyev aidiyyatı dövlət qurumları ilə
yazışmaların davam etdiriləcəyini və problemin həlli istiqamətində
mümkün variantların araşdıracaqlarını bildirmişdir.

***

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan
şəhərində istifadəsiz qalmış və yararsız hala düşmüş Şahmat
Məktəbinin mövcud durumu ilə tanış olmaq məqsədi ilə binaya baxış
keçirmişdir.


Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev
Şahmat Məktəbi haqqında ətraflı məlumat verərək bildirmişdir ki,
2014-cü ildə inşa olunan binanın yararsız vəziyyətə düşməsinin
səbəbi yaxınlıqda olan atraksiondakı suyun sızması və suyun
dəyişdirilməsi ilə əlaqədardır. Belə ki, akraksiondakı su
dəyişdirilən zaman böyük həcimli su kütləsi Şahmat Məktəbinin
bünövrəsinə axmış və bunun nəticəsində məktəbin döşəməsi çökmüşdür.
Şahmat Məktəbinin 2 dəfə əsaslı şəkildə təmir olunmasına baxmayaraq
sözügedən atraksionun suyunun 3 dəfə dəyişdirilməsi ilə məktəb
yenidən yararsız hala düşmüşdür. Bununla əlaqədar olaraq RİH
başçısından sözügedən atraksionun ərazidən uzaqlaşdırılması və
Şahmat Məktəbinin yenidən təmir olunmasında köməklik göstərilməsi
xahiş olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
məsələnin araşdırılması və təmir-bərpa layihəsinin hazırlanması
istiqamətində müvafiq tapşırıq və göstərişlərini vermişdir.

Teqlər: