ABB-nin manatla istiqraz emissiyasının “Açılış Zəngi” oldu

1 iyun 2022-ci il tarixində ABB-nin milli valyutada manatla
istiqrazlarının emissiyasının “Açılış Zəngi” olub. İstiqrazlar 20
milyon manat həcmində, 2 il müddətinə, illik 6% kupon dərəcəsi ilə
emissiya edilib. 9 investorun sifarişi əsasında istiqrazlar tam
məbləğdə yerləşdirilib. “Açılış Zəngi” mərasimində Azərbaycan
Mərkəzi Bankının, Bakı Fond Birjasının rəhbər şəxsləri də iştirak
edib.

ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı
Nəbi Əliyev ilk dəfə Azərbaycan manatı ilə istiqraz emissiyasının
həyata keçirilməsinin ABB-nin fəaliyyətində xüsusi bir gün olduğunu
bildirib. O, ABB-nin 30 il ərzində sistem əhəmiyyətli universal
bank kimi həm sektorda, həm də ümumən ölkəmizin biznes mühitində
bir çox mütərəqqi ənənələrin formalaşmasında fəal iştirak etdiyini
diqqətə çatdırıb. Qeyd edib ki, manatla istiqraz emissiyası da
bunlardan biridir: “İstiqrazların emissiyası, ABB-nin
öhdəliklərinin, maliyyələşmə mənbələrinin alət və müddət baxımından
diversifikasiyasına dəstəkdir. Eyni zamanda, ölkəmizdə kapital
bazarlarının inkişafına yönəlmiş addımdır. İnanırıq ki, bu addım,
maliyyə sektorunun, korporativ qiymətli kağızlar bazarının
inkişafına, maliyyə alətlərinin diversifikasiyasına töhfə verəcək.
Vətəndaşlar və investorlar üçün yeni investisiya imkanlarının
formalaşmasında da xüsusi rol oynayacaq”.
Onun sözlərinə
görə, bazar trendlərini, müştəri tələblərini nəzərə alaraq, ABB-nin
yaxın gələcəkdə emissiya sayını artırması istisna deyil.

Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Samir İsmayılov son
illər ölkəmizdə qiymətli kağızlar bazarının inkişafı istiqamətində
görülən işlərdən danışıb. Bu cür emissiya tədbirlərinin bazarda
getdikcə yüksələn aktivlikdən xəbər verdiyini bildirib.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri vəzifəsini icra edən
Eldar Abdullayev də qiymətli kağızlar bazarındakı son artım
göstəricilərinə diqqət yönəldib. ABB-nin manatla istiqraz
emissiyasının bazara daha da müsbət təsir göstərəcəyini qeyd edib.
Mərasimin sonunda emissiyanın açılışını bildirən simvolik zəng
səsləndirilib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: