ABB-nin sponsorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən 4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramının ilk mərhələsi başa çatıb.
AzerTimes xəbər verir ki, proqrama İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən media nümayəndələrindən ibarət 28 nəfər qoşulub. Onlar üçün təlimlər təşkil olunub. Təlimlərdə jurnalistika və İKT sahəsində son trendlər, elektron dövlət layihələri və rəqəmsal həllər, informasiya təhlükəsizliyi, süni intellekt, bloggerlik fəaliyyəti, sosial media, startaplar və digər mövzular yer alıb. ABB təmsilçisi də iştirakçılara maliyyə texnologiyaları mövzusunda təlim keçib.
Proqramın ikinci mərhələsində isə iştirakçılar arasında yazı müsabiqəsi keçiriləcək. Onlar seçilmiş mövzular əsasında araşdırma və maarifləndirici xarakterli məqalələr hazırlayacaqlar. Müsabiqə iştirakçılarının yazılarını Münsiflər Heyəti qiymətləndirəcək və ilk üç yerin qalibinə mükafatlar veriləcək.
“Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin rəqəmsal həllər, elektron xidmətlər və rəqəmsal sahədə digər mövzular haqqında bilgilərini artırmaq, onların dəstəyi ilə cəmiyyətin, vətəndaşların maariflənməsinə töhfə verməkdir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.