ABB-nin dəstəyi ilə ilin iş adamı seçilib

EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi
“EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçilib. Münsiflərin rəyinə
əsasən, müsabiqənin qalibi ZIRA Natural & Gourmet brendinin
təsisçisi Afət Əhmədova olub. O, ölkəmizi “Dünya üzrə İlin İş
Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək.

Münsiflər fərqli nominasiyaların qaliblərini də
müəyyənləşdiriblər. “İnnovasiyalar” nominasiyasında ATL Tech
şirkətinin təsisçisi Rəşad Mirzəyev, “Ən yaxşı müştəri həlli”
nominasiyasında YIĞIM Ödəniş Sisteminin təsisçisi və direktoru
Vüqar Cəfərov təltif olunub. Müsabiqənin qalibi Afət Əhmədova
“Sosial təsir” nominasiyası üzrə də mükafatlandırılıb.

Müsabiqəyə ABB ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA), EKVİTA şirkəti və AZPROMO da tərəfdaşlıq dəstəyi
verib.

Mükafatlandırma mərasimində iştirak edən ABB-nin İdarə Heyətinin
sədri Abbas İbrahimov Bankın “EY İlin İş Adamı Müsabiqəsi”nə üçüncü
ildir ki, tərəfdaşlıq dəstəyi verdiyini xatırladıb:
“Ölkəmizin aparıcı bankı kimi hər zaman iş adamlarının
yanındayıq. Sərfəli məhsul və xidmətlərimizlə biznesin maliyyə
ehtiyaclarını təmin edirik. Eyni zamanda, maraqlı layihələrimizlə
də sahibkarların biznesinə dəyər qatmağa çalışırıq. “EY İlin İş
Adamı Müsabiqəsi” də belə layihələrdəndir. Bu müsabiqə Azərbaycanda
xoş bir ənənəyə çevrilir və ölkəmizdə biznes mədəniyyətinin
inkişafına fayda verir”.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da
müsabiqə barədə fikirlərini bölüşüb: “Kiçik və orta
biznesin dəstəklənməsi Azərbaycanın iqtisadi inkişafı baxımından
əsas prioritetlərdən biridir. Bu hədəfə çatmaq üçün bir sıra mühüm
addımlar atılıb. Tərəfdaşlığımızla ardıcıl olaraq üçüncü dəfə
keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin kiçik və orta
sahibkarlığı diqqət mərkəzində saxlamasından olduqca məmnunuq.
Sahibkarların fəallığı və bu müsabiqədə iştiraka maraq göstərmələri
bizi sevindirir. Müsabiqəni dəstəklədiyi və həyata keçirdiyi üçün
EY Azərbaycan şirkətinə və bütün tərəfdaşlara təşəkkür
edirəm”.

“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar
Vəliyev isə bildirib: “Bu müsabiqənin məqsədi yaşadıqları
və fəaliyyət göstərdikləri icmalar üçün dəyər yaradan, maraqlı
tarixçələri olan iş adamlarının uğurlarını qiymətləndirməkdir. “EY
İlin İş Adamı 2022” müsabiqəsinin iştirakçılarını
mükafatlandırmaqdan qürur duyuruq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: