ABADA: Ukraynadakı azərbaycanlı sürücülərin təxliyəsi başa çatıb

Ukraynada baş verən gərginlik nəticəsində beynəlxalq
yükdaşımalarını icra edən azərbaycanlı sürücülər həmin ölkə
ərazisində çətin və təhlükəli vəziyyətdə qalıblar. Hadisələrin ilk
günündən başlayaraq həmin sürücülərin təxliyəsi ilə bağlı
Azərbaycan hökuməti tərəfindən işlərə başlanıb, Ukraynanın 6 şəhəri
üzrə 39 azərbaycanlı sürücünün olduğu müəyyən edilib.

Sürücülərin təhlükəsiz təxliyəsi üçün
Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan marşrutu məqbul
hesab edildikdən sonra, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,
Xarici İşlər Nazirliyi tərəfindən həmin ölkələrlə danışıqlar
aparılıb, azərbaycanlı sürücülərin rahat keçidi üçün viza, gömrük
və icazə sənədləri təmin edilib. Yük avtonəqliyyat vasitələrinin
davamlı hərəkəti üçün SOCAR-Ukrayna şirkəti vasitəsilə həmin
sürücülər Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosiasiyası (ABADA) hesabına yanacaqla da təmin edilib.

ABADA-dan Trend– ə verilən açıqlamada bildirilib ki,
Rusiya-Ukrayna münaqişəsi nəticəsində 3 azərbaycanlı sürücü xəsarət
alıb. Onlardan ikisi “Ərkivan transport” nəqliyyat şirkətinin
sürücüsü – Bayramov Yusif Asif oğlu və Tahirov Samir Sürəddin oğlu
güllə yarası diaqnozu ilə Xarkov şəhər 4 saylı təcili tibbi yardım
xəstəxanasına yerləşdirilib. Digər sürücü Əsgərzadə Nadir Qadir
oğluna ambulator yardım edilib. Sürücü Y.Bayramov bir müddət
müalicə aldıqdan sonra xəstəxanadan buraxılıb. Təxliyə olunan
Y.Bayramov hazırda Masallı rayonunda ev şəraitində müalicəsini
davam etdirir.
Bud və çanaq nahiyəsindən ağır güllə yaraları alan Tahirov Samir
Sürəddin oğlu Xarkov şəhər 4 saylı təcili tibbi yardım
xəstəxanasında iki dəfə əməliyyat olunub. Martın 18-də S.Tahirov
hərbi əməliyyatların gərgin olduğu Xarkov şəhərindən humanitar
koridordan yararlanaraq xüsusi təcili tibbi yardım avtomobili ilə
Moldova Respublikasına təxliyə edilib. Kişinyov şəhərindəki
xəstəxanalardan birinə yerləşdirilən S.Tahirov vəziyyəti ağır
olduğundan əlavə iki cərrahi əməliyyat da keçirib.

Sürücünün həyatına təhlükə olduğu, daha peşəkar və ixtisaslaşmış
tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti
nəzərə alınaraq, Samir Tahirov aprelin 1-də təcili tibbi yardım
təyyarəsi ilə Türkiyə Respublikasının Ankara şəhərinə yola salınıb.
Yaralı sürücü Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib.
Hazırda həmin tibb mərkəzində müalicəsini davam etdirir.

Yaralı sürücü S.Tahirovun Türkiyə Respublikasına nəqli və
müalicəsi avtomobil daşıyıcılarının ictimai birliyi olan ABADA
tərəfindən qarşılanıb.

Qeyd edək ki, Ukrayna ərazisindən ümumilikdə 36 yük
avtonəqliyyat vasitəsi üzrə 39 sürücünün təxliyəsi baş tutub.

Teqlər: