Rusiya və Ukrayna arasında müharibə başladığı zaman ABŞ Avropanın özündən qopduğunu gördü. Dərhal sonra Makron NATO-nun beyin ölümü keçirdiyi, Şolts isə təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılması ehtiyacından bəhs etdi. Daha əvvəl Angela Merkelin də eyni məzmunlu çıxışı olmuşdu. ABŞ AB-nin ən önəmli iki dövləti olan Fransa və Almaniyanın hərbi baxımdan özündən ayrılmasının qarşısını almaq üçün ənənəvi və tarixi baxımdan Rusiya təhdidini ortaya çıxardı. Ukraynanın NATO-ya qəbul edilməsi istəyi səbəb göstərilərək rus təhdidi yaradıldı. Nəticədə Avropa ölkələri Brüssel və Madriddə yenidən NATO çətiri altında toplandı.
Bu sözləri AzerTimes-a Almaniya kansleri Olaf Şoltsun Ukrayna müharibəsinin sonunun görünmədiyi haqqında açıqlaması və ABŞ Konqresinə ayrılan yardımın artırılması ilə bağlı çağırışı haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.
Alim ABŞ-ın Ukrayna müharibəsinin yükünü AB-nin üzərinə yıxmaq istədiyini qeyd edib:
“Təhdid davam etməlidir. Müharibədə ölənlər isə Avropanı qətiyyən maraqlandırmır. ABŞ müharibədə ən çox mənfəət əldə edən ölkələrin başındadır, çünki rus qazından imtina edən AB ölkələri ondan daha bahalı qiymətə qaz və silah alırlar. Vaşinqtonun qurduğu plan uğurlu oldu. Lakin sonra Qəzzada müharibə başladı. Ona görə də ABŞ gücünü iki yerə bölməyə və İsrailə də diqqət ayırmağa, dəstək verməyə məcbur oldu. Ancaq Avropadan verilən silah-sursat və hərbi texnika köhnə olduğu üçün Ukrayna cəbhədə uğur qazana, irəliləyə bilmir. Şoltsun ABŞ Konqresinə Kiyevə ayrılan yardımın artırılması ilə bağlı çağrışının da səbəbi budur. Fikrimcə, daxildə yaşanan problemlər, eyni zamanda iki cəbhədə mübarizə aparmaq çətin olduğu üçün Vaşinqton Ukrayna müharibəsinin bütün xərclərini Avropanın boynuna qoymağı planlaşdırır. ABŞ yaxasını kənara çəksə belə, Almaniya və Fransa kimi qitənin aparıcı ölkələri Ukraynaya dəstək verməyə məcburdurlar, çünki Rusiyanın qələbə qazanması onların özünü hədəfə çevirə bilər. Ən son beş gün əvvəl AB sammitində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramının təsdiq edilməsi də bunun göstəricisidir. Baş verən proseslər bizə müharibənin hələ davam edəcəyini deməyə imkan verir. Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığı ilə bağlı iddialar isə qorxu mühitini qoruyub saxlamaqdan başqa bir şey deyil. Məqsəd qitədə ortaq ictimai fikir formalaşdırmaq və müharibəyə eyni pəncərədən baxmağı təmin etməkdir”.