2024-cü ilin birinci rübündə Azərbaycanın Avropaya qaz ixracatı 10.3 faiz artaraq 3.2 milyard kubmetr olub. Avropa ilə yanaşı Türkiyəyə 2.3, Gürcüstana isə 0.9 milyard kubmetr qaz ötürən Azərbaycanın həmin dövrdə ümumi ixracatı 6.4 milyard kubmetr olub. Azərbaycanda 12.6 milyard kubmetr qaz hasil olunub ki, bu da əvvəlki ilin uyğun dövrünə nisbətən 0.4 milyard kubmetr çoxdur.
AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
“Bütövlükdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixrac edilib.
Göründüyü kimi, Azərbaycanın Avropanın, bütövlükdə regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir. Azərbaycan AB-yə ən çox qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir. Növbəti dövrdə, regionda, xüsusən də Mərkəzi və Şərqi Avropada qaz əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox ölkələrin Azərbaycan mavi qazını alacağı gözlənilir”, – o bildirib.