Bir həftədən artıq aparılan monitorinqlər zamanı indiyədək Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.
AzerTimes xəbər verir ki, bunu AB-nin Ermənistandakı mülki missiyasının rəhbəri Markus Ritter deyib.
“Hazırda Ermənistanda 100 nəfərlik missiyanın 50-yə yaxın üzvü var, qalan heyətin mart və aprel aylarında gələcəyi gözlənilir. 50 silahsız müşahidəçidən əlavə, missiyanın qalan üzvləri inzibati heyətdir. Missiyanın işində təhlükəsizlik mütəxəssisləri, həkimlər, o cümlədən məruzəçilər də iştirak edir. Missiya hər həftədir Brüsselə gizli hesabatlar göndərir”, – o bildirib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub.