Avropa Birliyi Ermənistanda müşahidəçilərinin sayını 71 nəfər artıraraq, 138-dən 209-a çatdırıb və bəyan edib ki, məqsəd Azərbaycanla sərhəddə sabitliyi qorumaqdır.
Azərbaycanın Ermənistanla sərhəddə hansısa hərbi planı yoxdur, xüsusilə Qarabağda erməni separatizminin ləğvindən və Zəngəzur dəhlizinin İran marşrutuna köçürülməsi qərarından sonra. Hətta Bakı Qərbdə “Azərbaycan Ermənistana hücum edəcək” ittihamlarının istinad nöqtəsi olan Zəngəzur dəhlizinə marağının itdiyini elan etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, AB-nin Ermənistandakı fəaliyyətində “Azərbaycan təhlükəsi” səbəb kimi qalır.
Müşahidə missiyasının bölgəyə gətirilməsi və sayının artırılmasında əsas hədəfin Ermənistanda Rusiyanın “təhlükəsizlik rolunu” əvəzləmək, rusları sıxışdırmaq olduğu bəllidir. Lakin bu hədəfə çatmaqda səbəb kimi Azərbaycanın seçilməsi müəyyən riskli perspektivlər də vəd edir, xüsusilə Ermənistanın təhlükəsizliyində AB-nin Rusiyanı əvəzləməsi və missiyanın effektivliyinin isbat edilməsi üçün eskalasiya ssenarisinə “ehtiyacın” ola biləcəyi fonunda.
AB missiyasında sayın artırılması qərarındakı əsas yenilik isə prosesə ilk dəfə ittifaq üzvü olmayan NATO ölkəsinin – Kanadanın iki müşahidəçi ilə qoşulmasıdır. Və bu, NATO-nun “müşahidə missiyası” adı altında bölgəyə daxil olmaq istəyi haqda da ehtimallar yaradır.