AB-nin adını “Avropa Sülh Fondu” qoyan bir qurumunun xətti ilə 30 illik işğal tarixinə malik ölkəyə “silah yardımı göndərməsi birmənalı şəkildə riyakarlıq, ikiüzlülük və əxlaqsızlıqdır. İşğal dövründə ərazilərimizin darmadağın edilməsinə susan ASF Cənubi Qafqazda vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməlidir.
Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert göndəriləcək “yardım”ların nəticəni dəyişməyəcəyini, əksinə Ermənistanı fəlakətə sürükləyəcəyini vurğulayıb:
“Ermənistanın regiondan kənar ölkə və güclər tərəfindən silahlandırılması ilk deyil. Biz bir sıra ölkənin timsalında dəfələrlə bunun şahidi olmuşuq. Lakin edilən “yardım”lar və hərbi dəstək son nəticədə işğalın uzun müddət davam etməsi ilə nəticələnir. Ermənistan bu gün də arxasındakılara boş ümidlər bəsləyərək, 8 kəndimizi işğal altında saxlayır. Ancaq kənardan öz mənfəətləri naminə bölgəmizdə yenidən qan axması üçün Ermənistana silah verənlər gözlərini açıb Hərbi Qənimətlər Parkına diqqətlə baxmalıdırlar. Bura indiyədək İrəvana verilən ən yüksək səviyyəli silah və hərbi texnika ilə doludur. Toqquşma yaşanacağı təqdirdə Avropadan ayrılan sözügedən “yardım”ların da aqibəti eyni olacaq. Bütün hallarda göndərilən silah-sursat və hərbi texnika Ermənistana güc balansını tarazlaşdırmağa kömək etməyəcək. Amma müəyyən revanşist qüvvələr bundan bir qədər ruhlana bilər və yeni hərbi təxribatların törədilmə riski artar. AB-dən Ermənistan ordusunun reabilitasiyası üçün vaxtaşırı İrəvana edilən səfərlər zamanı verilən bəyanatlar isə Paşinyan hökumətini sülh müqaviləsini imzalamaqdan uzaqlaşdırır. Hadisələrin gedişatı Ermənistanı fəlakətə aparır, bölgəyə isə yaxşı heç nə vəd etmir”.
Qeyd edək ki, Avropa Birliyi nümayəndələrinin İrəvana səfərinin yekunları üzrə dərc olunmuş bəyanatda təşkilatın Avropa Sülh Fondu çərçivəsində Ermənistan ordusuna dəstək imkanlarını araşdıracağı bildirilib.