Avropa Birliyi Avropa Sülh Fondu çərçivəsində Ermənistan ordusuna dəstək imkanlarını araşdıracaq.
AzerTimes xəbər verir ki, bu barədə AB nümayəndələrinin İrəvana səfərinin yekunları üzrə dərc olunmuş bəyanatda deyilir.
Qeyd olunub ki, Ermənistanda keçirilən görüşlərdə təhlükəsizlik və müdafiə sahələrində dialoqun və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq təsdiq edilib.
Bəyanatda bildirilir ki, AB, Ermənistan hökuməti və beynəlxalq maliyyə qurumlarını birləşdirəcək platforma yaradılıb. Bu, İqtisadi və İnvestisiya Planı çərçivəsində AB-nin Ermənistana investisiyalarının artırılmasına kömək edəcək və bu plan vasitəsilə artıq Ermənistanda 500 milyon avroya qədər investisiya səfərbər edilib.
Qeyd edək ki, bundan əvvəl AB 10,45 milyon avro humanitar yardımla yanaşı, Ermənistana büdcə dəstəyi kimi 15 milyon avro ayıracağını bildirib. Uzunmüddətli perspektivə gəlincə, AB mühüm infrastruktura və digər layihələrə sərmayə qoyuluşu üçün 2,6 milyard avronun ayrılmasını nəzərdə tutan İqtisadi və İnvestisiya Planını təkrarlayıb.