Torpağınızda rus əsgərlərin, Rusiya FSB-nin və ya hər hansı digər Rusiya hüquq-mühafizə orqanının olmasını istəyirsinizsə, bu, sizin suveren qərarınızdır.
AzerTimes xəbər verir ki, bu sözləri AB-nin xarici əlaqələr üzrə rəsmi nümayəndəsi Piter Stano Brüsseldə “Azadlıq” radiosunun erməni redaksiyasına açıqlamasında deyib.
Ermənistanın Rusiyanın rəhbərlik etdiyi alyanslardan çıxmasının AB ilə münasibətləri gücləndirmək üçün zəruri olub-olmaması ilə bağlı sualı Stano belə cavablandırıb:
“AB “Bizimlə işləmək istəyirsənsə, bütün digər tərəfdaşlardan imtina etməlisən” deyən aktor deyil. “Ermənistan üçün ev tapşırığı daha çox islahatları davam etdirməkdir. Söhbət Ermənistanın siyasi və iqtisadi baxımdan AB-yə yaxınlaşmasından gedir. Və bu, əlbəttə ki, islahatlar üzərində işləməkdən ibarətdir: demokratik institutların gücləndirilməsi, zəruri iqtisadi islahatlar, qanunun aliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə. Ermənistanın bu istiqamətdə işi qiymətləndirilir. Ancaq həllini gözləyən problemlər var”.
O bildirib ki, Ermənistan Rusiya ilə hansısa əməkdaşlığın öz maraqları üçün vacib, faydalı olduğuna inanırsa, AB siyasətlərinə, məsələn, bizim sanksiya siyasətimizə zidd olmamaq şərti ilə bunu edə bilər.