Azərbaycanın AB ilə yeni enerji (qaz) sazişini imzalaması, Avropa Komissiyanın sədri Ursula von der Leyenin ölkəmizə səfəri çox önəmli hadisədir.
AzerTimes xəbər verir ki, bu sözləri ReAL İH üzvü, iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, sazişin önəmini bu cür qeyd edib:
“Əvvəla, bu saziş tək ölkənin deyil, bölgəmizin də qorunmasını, önəmini artıracaq, yarana biləcək münaqişələrin önlənməsinə xidmət edəcək. Cənubi Qafzaqda sülhün bərqərar olması və qorunması üçün bu saziş vacib qoruyucu qalxan olacaq.
İkincisi, yeni saziş Azərbaycanın iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq, bundan başqa iqtisadi olaraq məmləkətin Qərbə bağlantısını möhkəmləndirəcək.
Üçünsücü, uzun müddətdir ki, Azərbaycan ilə AB arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedir, hələ 2019-cu ildən bu haqda ictimayətə məlumat vermişdik, danışıqlar prosesindən məlumatlı şəxslər olaraq (2019-da Brüsselə səfərimiz, ciddi görüşlərimiz olmuşdu, bundan başqa da müxtəlif səfərlər və görüşlərdə müqavilənin məğzi ilə bağlı kifayət qədər məlumatımız var) məsələnin uzanmasının səbəbinin insan haqları ilə bağlı olmadığını demişdik. O zaman dünyadan bixəbər bir qrup şəxs üzərimizə hücum etdi, yalan danışdılar, yalanlarını sübut etdik, üzr də istəmədilər, faktiki olaraq həmin marginal qrup müqaviləni gözdən salmaq üçün əllərindən gələni edirdilər (bu isə bilərək, ya bilmədən Kremlin əlinə oynamaqdır) – o zaman da demişdik ki, müqavilənin uzanmasının əsas səbəbləri iqtisadi məsələlərdir. Qazla bağlı anlaşma razılaşdırılmamış əsas məsələlərdən biri idi – indi imzalanan qaz anlaşması AB ilə geniş müqavilənin də önünü açır, düşünürəm ki, yaxın zamanlarda Avropa Birliyi ilə yeni strateji müqavilə də imzalanacaq.
Bir sözlə, Azərbaycan–AB arasında əlaqələrin genişlənməsi məmləkətimizin strateji dövlət maraqlarına tam uyğundur, ölkəmizin Qərblə daha sıx bağlanmasına səbəb olacaq”.