AB Azərbaycana neft məhsullarının ixracını artırdı

AB Azərbaycana neft məhsullarının ixracını artırdı

Avropa Birliyi (AB) ölkələri cari ilin yanvarında Azərbaycana 2 min tona yaxın neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

AzerTimes Avropa Birliyi Statistika İdarəsinin (Avrostat) məlumatlarına istinadla xəbər verir ki, ixracat pul ekvivalentində iki dəfə artaraq təxminən 4,5 milyon avroya çatıb.

AB ölkələri arasında bu ilin yanvar ayında Azərbaycana neft məhsullarının ən böyük üç tədarükçüsü arasında Yunanıstan (500 min avro dəyərində 754 ton), Almaniya (1,9 milyon avro dəyərində 457 ton), Niderland (500 min avro dəyərində 155 ton) var.

Avrostatın məlumatına görə, ötən il Avropa Birliyi ölkələri Azərbaycana neft məhsullarının ixracını 2022-ci illə müqayisədə 73,7 faiz artıraraq təxminən 24,4 min tona çatdırıblar. Pul ekvivalentində isə bu ixracatların həcmi 62,7 faiz artaraq təxminən 58,2 milyon avroya çatıb.

Həmçinin məlumata əsasən, ötən il Avropa Birliyi ölkələri (İtaliya və Xorvatiya da daxil olmaqla) Azərbaycandan son 4 ildə maksimum neft (təxminən 20,3 milyon ton) idxal ediblər ki, bu da 2022-ci illə müqayisədə 2,6 faiz artım deməkdir. Azərbaycandan tədarük olunan neftin dəyəri 12,4 milyard avro məbləğində qiymətləndirilib.

AB ölkələri arasında ötən il Azərbaycandan ən böyük neft idxalçılarının Top-10 siyahısında İtaliya (6,8 milyard avro dəyərində 11,3 milyon ton), Çexiya (1,2 milyard avro dəyərində 2 milyon ton), İspaniya (875,2 milyon avro dəyərində 1,4 milyon ton), Almaniya (750,3 milyon avro dəyərində 1,2 milyon ton), Xorvatiya (699,2 milyon avro dəyərində 1,15 milyon ton), Portuqaliya (404,6 milyon avro dəyərində 631,3 min ton), İrlandiya (375,3 milyon avro dəyərində 617,3 min ton), Yunanıstan (309,4 milyon avro dəyərində 529,6 min ton), Avstriya (306,6 milyon avro dəyərində 498,7 min ton) və Rumıniyanın (262,2 milyon avro dəyərində 435,5 min ton) adı var.

Teqlər: