Koroğlu Rəhimov küçəsində yerüstü piyada keçidinin sökülməsi barədə xəbərlərdə “qanunsuz tikilən” ifadəsi olduqca maraqlıdır. Təsəvvür edin, şəhərin mərkəzində aylarla əlləş-vuruş, yol kəs, yerüstü piyada keçidi tik və media da iddia etsin ki, qanunsuzdur!
Bunun qanunsuz olub-olmamasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) aydınlıq gətirəcək. Fakt isə odur ki, qanuni və yaxud qanunsuz tikilməsindən asılı olmayaraq, o piyada keçidi hazırda sökülür.
O piyada keçidi hansı vəsait hesabına tikilib, ona nə qədər dövlət pulu xərclənib, niyə qısa müddətdə bəlli olub ki, o keçid lazımsızdır və sökülməlidir – bütün bunlara kimsə aydınlıq gətirəcəkmi?
Dövlət vəsaitini yerüstü keçidə sovuranlardan mütləq hesab sorulmalıdır: təklifi verən, onu məntiqi baxımdan əsaslandıran da cavab verməlidir. Onlar hansı əsaslandırma ilə bu keçidi tikiblər ki, indi də sökürlər?
Bu keçidə sərf olunan dövlət vəsaiti bir yana – axı, onun tikintisi zamanı insanlar əziyyət çəkib, tıxaclar yaranıb, gərginlik olub. İndi eyni tıxac və gərginliklə də piyada keçidi yığışdırılır.
Yerüstü piyada keçidi səhra çadırıdır ki, istədikləri vaxt “tikib-sökür”lər?
Bu olay cəmi 10 gün öncə Bakı-Yevlax yolunun 18,5-ci km-liyində tikilən yeni yerüstü piyada keçidini xatırlatdı.
Fotosunu aşağıda təqdim edirik – diqqətlə baxın: bu yerüstü piyada keçidinin 30-40 metrliyində bir körpünün torpaq “tağları” görünür, ortasındakı aşırım yoxdur. Ordan sovet dövründən yerüstü dəmiryol xətti keçirdi. Bir müddət öncə həmin dəmiryol xəttini nəyə görəsə istismardan çıxartdılar, dəmiryol xəttinin yolun üzərindən keçən peton plitəli, qəşəng, heç bir deformasiyaya uğramayan hissəsini isə söküb atdılar. Daha doğrusu, sökməmişdən qabaq sovet dövründən qalmış o körpünü qəşəngcə təmir etmişdilər, sonra sökdülər – zatən biz söküləcək zadları əvvəlcə yaxşı-yaxşı təmir etməyə öyrəncəliyik.
O dəmiryol xətti keçən yerüstü körpünü söküb atandan qısa müddət sonra onun lap yaxınlığında yerüstü piyada keçidinin tikintisi başladı.
O fotoya bir də baxın: sizcə, dəmiryol xətti ləğv ediləndən sonra o yerüstü körpünün beton plitələrini söküb atmaq əvəzinə, onun torpaq tağlarına qəşəng pilləkən qoyub, üstünü hamarlayıb, piyada keçidi düzəltmək olmazdımı? Ətrafdakı torpaq hissəyə də ot, ağac əkmək, bir az da fantaziya işlədib, tikilən yerüstü körpünün pulunun yarıbayarısına ləğv olunan dəmiryol xəttinin körpü hissəsini ayrıca bir istirahət yerinə çevirmək olardı…
Niyə o körpü sökülməli, yanında yerüstü piyada keçidi tikilməli idi? Bəs, o körpünün keçdiyi torpaq hissə necə olacaq? Hara və necə daşınacaq, o daşınmaya nə qədər vəsait xərclənəcək? Bəs, birdən gələcəkdə qərar verilsə ki, dəmiryol xətti bərpa olunsun, onda necə? Yenidən orda dəmiryol körpüsü tikiləcək?