“A-Qroup” sığorta şirkəti ötən ilin oktyabr ayında ermənilər tərəfindən Gəncədə törədilən terror aktına biganə qalmayaraq, həmin terror hadisəsi zamanı zərər çəkən və ailə himayəsindən məhrum qalan uşaqların yetkinlik yaşına qədər bütün tibbi xərclərini öz üzərinə götürmüşdü. Sözügedən uşaqların fiziki və psixoloji sağlamlığının qorunmasını özünə mənəvi borc bilən “A-Qroup” onların hər birinə ildə 15.000 manat məbləğində tibbi sığorta polisi təqdim etdi və vaxt itirmədən icra işlərinə başladı.
Bu günə qədər həmin uşaqlar ehtiyac olduğu təqdirdə lazımi tibbi xidmətlərdən tam ödənişsiz şəkildə istifadə etmişdir və bundan sonra da yetkinlik yaşına çatana qədər də istifadə edəcəklər.
Xatırladaq ki, ötən il oktyabrın 11-də Gəncə şəhərinə ermənilər tərəfindən atılan raket nəticəsində 3 azyaşlı uşaq yaralanmış: 1yaşlı Xədiçə, 2 yaşlı Nilay, 8 yaşlı Hüseyn və onun bacısı 16 yaşlı Sevil hər iki valideynini itirərək, valideyn himayəsindən məhrum qalmışdı.