210 illik “taktika”: Napoleondan və Xersondan qaçmaq…

210 illik “taktika”: Napoleondan və Xersondan qaçmaq…

Rusiya itirdiyi Xersonun “intiqamını” Ukraynanın şəhərlərini bombalamaqla cavab verib, gün ərzində Kiyevdən tutmuş Polşa sərhədinə yaxın Lvov şəhərinə qədər yaşayış yerləri atəşə tutulub.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynanın ağır raket hücumuna məruz qalması və ölkədə elektrik sisteminə ağır zərbələr endirilməsi haqda qeyd edib.

O bildirib ki, Kreml təbliğatçıları Xersonun itkisini cəmiyyətə açıq-aşkar izah etməkdə çətinlik çəkirlər:

“Kremlin təbliğatçılarından biri Marqarita Simonyan Xersonun itkisini 1812-ci ildə rus sərkərdəsi Mixail Kutuzovun qoşunlarını Napoleonun ordusu qarşısında Moskvadan geri çəkməsinə bənzədib.

SSRİ dövründə məktəbdə “dünya tarixi” fənnində öyrədirdilər ki, Rusiya ordusu guya 1812-ci ildə Borodino döyüşündə Napoleon ordusu üzərində qələbə çalıb. Əlbəttə, bunun yalan olduğu o zaman da aydın idi: Rusiya ordusu Borodino döyüşündə qələbə qazanmışdısa, Napoleon necə oldu ki, döyüşdən sonra Moskvaya daxil oldu? Guya Moskvanın təhvil verilməsi ümumi qələbə üçün lazım idi. Napoleon rus qışına məğlub oldu.

İndi Marqarita Simonyan Rusiya cəmiyyətini inandırmağa çalışır ki, Xersondan geri çəkilmə Rusiyanın 1812-ci ildə olduğu kimi “ümumi qələbəsi” üçün vacib idi.

Napoleon işğalçı müharibə aparırdı, Ukrayna isə əksinə, işğalçıya qarşı savaşır. Bu mənada Xersonla Moskva arasında oxşarlıq axtarmaqdansa, işğalçı müharibələr aparan Fransa ilə Rusiya arasında oxşarlıq axtarmaq lazımdır”.

Teqlər: