Almaniya məhkəməsi nasistlərin Ştuttqof həbs düşərgəsində katibə işləmiş 97 yaşlı qadını iki il sınaq müddəti ilə şərti cəzaya məhkum edib.
AzerTimes xəbər verir ki, İrmqard Furhner adlı qadın 10.000-dən çox insanın qətlində şərik olmaqda təqsirli bilinib.
O, 1943-1945-ci illərdə komendantın katibəsi və stenoqraf işləyib. Həmin vaxt onun 18-19 yaşı olub. Furhner məhkəmə zamanı bildirib ki, o, “bütün bunların baş verdiyinə və həmin vaxt Ştuttqofda olduğuna görə təəssüflənir”.
İstintaq materiallarına əsasən, müttəhim düşərgədə sistematik qətllər barədə məlumatlı olub və 1945-ci ilin əvvəllərində düşərgədən “ölüm yürüşləri”nin təşkilinə kömək edib.
İrmqarda qarşı istintaq son beş ildir davam edir. Sentyabrın 30-da onun işi üzrə ilk məhkəmə iclası keçirilməli idi. Lakin İrmqard məhkəməyə gəlməyib, istintaqdan gizlənməyə çalışıb. Daha sonra o, saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Oktyabrın 19-da keçirilən məhkəmə zamanı təqsirləndirilən şəxs təcili yardım maşını ilə qocalar evindən məhkəmə zalına aparılıb.
Tarixçilərin məlumatına görə, Qdansk yaxınlığındakı Ştuttqof düşərgəsində İkinci Dünya müharibəsi zamanı yüz mindən çox insan saxlanılıb. Onların çoxu yəhudi olub. Tarixçilərin fikrincə, düşərgədə 65 minə yaxın insan həlak olub. İnsanların əksəriyyəti yorğunluqdan və xəstəlikdən ölüb, 200 nəfər qaz kamerasında, 30-dan çox adam isə başından güllə ilə vurularaq öldürülüb.