90 yaşında “xalq artisti” adı alan aktyor

90 yaşında “xalq artisti” adı alan aktyor

Bu gün xalq artisti Tofiq Mirzəyevin 90 yaşı tamam olur.

AzerTimes aktyor haqqında əsas məlumatları təqdim edir:

– Tofiq Mirzəyev 1932-ci il 16 iyunda Gədəbəy rayonunda anadan olub.

– Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirdikdən sonra Niyazi onun ifasını Bakıda, sonra isə Moskvada görüb, rəhbərlik etdiyi Dövlət simfonik orkestrinə dəvət edir.

– 1960-cı ildə Tofiq Mirzəyev qəfil xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edir. Beləliklə, onun musiqi karyerası sona çatır.

– O, musiqi karyerası bitəndən sonra Moskvaya rejissorluq ixtisasını oxumaq üçün yollanır. Təhsilini bitirdikdən sonra Azərbaycan Televiziyasında 25 il fəaliyyət göstərir. Elə dövlət televiziyasında ilk musiqi proqramlar məhz onun təşəbbüsü ilə hazırlanıb.

– T.Mirzəyev ilk dəfə kinoya Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkilən “Uşaqlığın son gecəsi” filmiylə rejissor Arif Babayevin təşəbbüsü ilə gəlib.

– “Mosfilm”, “Dovjenko” studiyalarında istehsal olunan filmlərdə rol alan Tofiq Mirzəyev “Azərbaycanfilm” Kinostudiyasında 27 filmdə müxtəlif xarakterli obrazlar yaradıb, 10-dan artıq sənədli televiziya filminin ssenari müəllifi və rejissoru, 1 animasiya filminin isə ssenari müəllifi olub.

– Həyat yoldaşı Elmira Səfərovanın ölümündən dəhşətli sarsıntı keçirən T.Mirzəyev bir müddət sonra İsrailə köçür. Hazırda orada ictimai fəaliyyətlə məşğuldur.

– Sənətkar 2022-ci il iyunun 14-ü Prezident İlham Əliyev tərəfindən “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif olunub.

Teqlər: