Xəbər - Ceyhun Ələkbərov – Trend:
Bu günə kimi 9 minə yaxın şəxs vaksinasiya prosesində iştirak edib.
Bunu AzerTimes-a açıqlamasında 7 nömrəli Şəhər Poliklinikasının şöbə müdiri Səbinə Həsənova deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 4 nəfəri əlil olduğu üçün, öz evlərində peyvəndləniblər:
“Hazırda poliklinikamızda 40 yaşdan yuxarı olan şəxslərin peyvəndlənməsi aparılır. Bu günə kimi tərəfimizdən 8987 nəfərə peyvənd vurulub, onlardan 3296 nəfəri ikinci doza vaksin alanlardır. Evində peyvənd olunan şəxslər isə, təcili tibbi yardım briqadası ilə birlikdə pəşakar həkimlərimiz tərəfindən vaksin olunublar”.
S.Həsənova son günlər havanın mülayim keçməsi ilə üçün maskalardan imtina edilməsi məsələsinə də toxunub. O, qeyd edib ki, bu istiqamətdə addımların atılması hələlik tezdir:
“İlk gündən olduğu kimi indi də, koronavirusdan qorunmağın ən düzgün yolu qaydalara riayət etmək – maskadan istifadə, gigiyenik qaydalara əməl etmək və ara məsafəsini qorumaqdır. Bunlar mütləq şəkildə icra olunmalı qaydalardır. Bundan əlavə, virusla mübarizədə ən lazım olan məsələlərdən biri də vaksinasiyadır. Vaksinin kütləvi immunitet yaratması üçün əhalinin yarıdan çoxunun peyvənd olunması gərəkdir. Bu səbəbdən hələlik maskadan istifadə vacibdir. Başa düşülən məsələdir, istidir, əsasən də ictimai nəqliyyatda, ancaq hər kəs bilsin ki, bu, müvəqqəti çətinlikdir və vətəndaşlar bir olub xəstəliyə qarşı mübarizə aparmalıdırlar”.