9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanlar 12 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 87 imtahan binası, 1446 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 87 ümumi imtahan rəhbəri, 236 imtahan rəhbəri, 1757 nəzarətçi-müəllim, 174 buraxılışı rejimi əməkdaşı (mühafizə), 87 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 18609 şagirdin iştirakı gözlənilirdi.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.

Teqlər: