800-dən çox obyektdə qaz balonlarından istifadə aşkarlanıb – FHN (FOTO/VİDEO)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına
uyğun olaraq ölkə ərazisində əhalinin kütləvi toplaşdığı xidmət və
ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza
risklərinin müəyyən edilməsi, çatışmazlıqların aşkarlanması və
aradan qaldırılması məqsədilə həmin obyektlərdə gücləndirilmiş
nəzarət-yoxlama tədbirləri davam etdirilir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Energetika
Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi
və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə
bütün növ xidmət və ticarət obyektlərində reydlər keçirilir, aşkar
edilən yanğın təhlükəsizliyi tələblərinin pozulması halları yerində
aradan qaldırılır.

Belə ki, ötən günlər ərzində Bakı şəhəri üzrə reyd keçirilmiş
1870 obyektdən 211-də qaz təsərrüfatına qanunsuz qoşulma, 807
obyektdə isə maye qaz balonlarından istifadə halları aşkar edilib.
“Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaz xəttinə qoşulma
halları aradan qaldırılıb, qaz sayğacları sökülərək götürülüb.
Həmçinin, obyektlərdə aşkar edilmiş maye qaz balonları obyekt
nümayəndələrinin iştirakı ilə obyektlərdən kənarlaşdırılıb və
gələcəkdə istifadə olunmamasına dair cavabdeh şəxslərdən iltizam
alınıb.

Eyni zamanda, obyekt sahibləri, habelə orada çalışan aidiyyəti
işçi heyəti ilə maarifləndirmə işləri aparılaraq norma və
qaydalarla obyektlərdə istismarı qadağan olunmuş təbii qaz və ya
maye qaz balonlarından istifadənin yolverilməzliyi və bunun insan
həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olduğu izah
olunur.

Bununla belə, təəssüflə bildiririk ki, reyd keçirilmiş
obyektlərdə bir neçə gün sonra aparılan təkrar yoxlama zamanı bəzi
obyektlərdə eyni qanun pozuntusu təkrar aşkar edilir.

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara, o cümlədən
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək,
obyektlərdə zəruri təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi
qaydalarına ciddi riayət etməyə və insan həyatı və sağlamlığını
birbaşa təhlükə altında qoyan qanun pozuntularına yol verməməyə
çağırır.

Teqlər: