Nurlana Əliyeva adlı qadının sabiq işçisi Dürdanə Əliyeva haqda “mənə cadu edib, xəstəlik tapmışam” sözləri ona görə dəhşətli deyil ki, bunu bir qoca qadın deyir; ona görə dəhşətlidir ki, bu zehniyyətin sahibi illərlə, hətta onillərlə təhsil qurumlarına rəhbərlik edib.
“APİ Axundov” kimi tanınan Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Bakı Slavyan Universiteti kimi nüfuzlu təhsil ocağına çevirən akademik Kamal Abdulladan sonra məbədə çevrilən ocağa Nurlana Əliyevanın rektor təyin edilməsi 14 illik zəhmətin, əziyyətin üstündən xətt çəkilməsi demək idi. Nurlana Əliyevanı kim tanımırdı ki? Orta məktəbdə və və Maliyyə-Kredit Texnikumunda (bu texnikumda qəbulun və tədrisin necə olduğunu o dövrü yaşayanlar yaxşı xatırlayır) müəllimlikdən qəfil Sabir adına Bakı Pedoqoji Texnikumuna (Bakı Pedoqoji Kolleci) direktor gətirilən bu xanım ən qısa müddətdə ad çıxarmışdı: Sabir adına Texnikumun alver yuvası olduğu, açıq bazara çevrildiyini bu ölkədə kim bilmirdi ki?!
Adam tam 26 il bu texnikumu bazar təfəkkürü ilə idarə etdi: Sabir adına Texnikumun Bakı Pedoqoji Kolleci oldu, ancaq alverxana mahiyyətini dəyişmədi.
26 ildən sonra qısa müddətdə böyük nüfuz qazanan və DİM-in ən reytinqli universitetlərindən birinə çevrilən BSU-ya rektor gətiriləndə hər şey aydın idi: bu təhsil ocağı da alverxanaya çevriləcəkdi. Başqa cür mümkün deyildi, çünki Nurlana Əliyeva ayrı cür idarə etməyi, sadəcə, bacarmır.
Cəmi bircə il bəs etdi ki, BSU-da Sabir Texnikumu səviyyəsində geniş bazar açıldığından hamı xəbər tutsun: bundan ötrü Nurlana xanım əvvəlki iş yerindən bu sahədə xüsusi “təcrübəsi olan” kadrlarını da özü ilə bərabər BSU-ya daşıdı.
BSU-nun bütün yeniliklərinin üstündən xətt çəkdi və bu xanım o qədər “artdı” ki, Kamal Abdullanın qurub-yaratdıqlarını təkcə dağıtmadı, həm də onun “qanunsuzluqlarını” “ifşa etməyə” girişdi. Nə idi “qanunsuzluqlar”? Kamal Abdulla Yaradıcılıq fakültəsi yaradıbmış, yaradıcı gəncləri ora toplayıbmış, istedadlara bir pəncərə açıbmış.
Nurlana Əliyeva dərhal bu nurlu bölmələri qapadı. Və əlbəttə ki, “ənənəvi yeyinti kampaniyasına” start verdi – təmir! İş o yerə çatdı ki, BSU-nun binasının simvoluna çevrilən ornamentlərə də “əl gəzdirdi” – xanım “yenilik” edirdi, axı…
Tələbələrin təhsil haqqının mənimsənilməsi faktı üzə çıxdıqdan və Baş Prokurorluq işə qarışandan sonra BSU-nun şöbə müdiri Dürdanə Əliyeva məsuliyyətə cəlb olundu. N.Əliyeva isə açıqlama yaydı ki, D.Əliyevanın əməlinin araşdırılması ilə bağlı Baş Prokurorluğa özü müraciət edibmiş.
Baş Prokurorluq bu yalanı dərhal və anında təkzib etdi, rəsmən bildirdi ki, araşdırma tələbələrin müraciəti və prokurorluğun özünün cinayət faktını aşkarlamasının nəticəsidir. Nurlana Əliyeva Baş Prokurorluq cinayət işi açandan 10 gün sonra “müraciət etmişdi” – əlbəttə ki, özünü müdafiə məqsədi ilə.
Bu ifşadan sonra müəllim qüruru olan heç kim vəzifədə qalmazdı – amma Nurlana xanım qaldı. Nəinki qaldı, cinayət işinin istintaqı davam etdiyi zaman N.Əliyeva 2021-ci ildə 5 illik BSU rektoru kürsüsü ilə vidalaşır və… məlum olur ki, Naxçıvan Universitetinə rektor təyin edilir.
Qəribədir: rektoru olduğu universitetin şöbə müdiri tələbələrin yüzminlərlə vəsaitini mənimsədiyi üçün barəsində cinayət işi açılıb və rektorun da adı bu cinayət işində keçir, məhz bu qalmaqala görə 22 iyun 2021-ci ildə vəzifəsindən alınır, ardınca başqa təhsil ocağına rektor təyin edilir?
Hansı məntiqlə?
Naxçıvan “xanı” Vasif Talıbovun yola salınmasının ardınca N.Əliyeva da reotorluqdan çıxarıldı, ancaq dərhal da bəlli oldu ki, bu xanım indi də Naxçıvan Universitetində prorektor kimi vəzifəsini davam etdirəcək.
Bu qədər absurdluq olmaz ki! Adamın adı külli miqdarda mənimsəmədə keçir, Dürdanə Əliyeva yalnız rektorun təlimatlarını icra etdiyini istintaqa və məhkəməyə deyir, N.Əliyeva isə vəzifələr gəzməyə davam edir?
Əlbəttə ki, bir şöbə müdirinin rektorun xəbəri olmadan yüzminlərlə pulu mənimsəməsindən söhbət gedə bilməz; əlbəttə ki, N.Əliyevanın “xəbərsiz” olduğu haqda iddiaları absurddur və məhkəmə də bu istiqamətdə gedir.
Bəs, belə olan halda işlədiyi hər yeri bazara çevirən bu xanım son rektorluğunu da tamamlayandan sonra necə prorektor ola bilir?
Adamın vəzifə hərisliyini kim təmin edir? – çox maraqlıdır.
Adam külli miqdarda mənimsəmə faktına görə məhkəmədə izahat vermək əvəzinə necə vəzifələr gəzir? – təəccüblüdür.
Adam niyə bu qədər mənfi imiclə 78 yaşında vəzifədən qopmur və yaxud qopardılmır? – inanılmazdır.
Və bu adam Prezidentə qədər şikayət edir ki, Dürdanə Əliyeva mənə cadu edib və xəstəliyə düşmüşəm?
“Cadulu xəstə” hazırda necə prorektor vəzifəsini yerinə yetirir?
Bu düşüncə ilə idarə olunan universitetlərə, tələbələrə adamın yazığı gəlir.